Tibb

19 Oktyabr

Nokia-dan tarixi işdən çıxarma

“Nokia” ABŞ və Avropa operatorlarının beşinci nəsil mobil infrastruktur investisiyalarının azalması səbəbindən 14 min nəfəri işdən çıxarmağı planlaşdırır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu, kadr xərclərinin 10-15% azaldılması deməkdir. Gələn il 400 milyon avro, 2025-ci ildə isə 300 milyon avro qənaət gözlənilir.

Şirkət üçüncü rübdə 4,98 milyard avro gəlir əldə edib. Buna səbəb isə müxtəlif bazarlarda, xüsusən də Şimali Amerikada 5G avadanlığının satışnın yavaşlamasıdır. Ötən ilin eyni dövründə şirkətin satış gəlirləri 6,24 milyard avro olub.

5G avadanlığı istehsalçıları ABŞ və Avropa İttifaqının operatorları kapital xərclərini azaltdıqları üçün müxtəlif çətinliklər çəkirlər. İsveçli rəqib Ericsson AB, bazar zəifliyinin dördüncü rübdə və ondan sonra da davam edəcəyini bildirərək, bu həftə məyusedici bir proqnoz təqdim edib.

Nokia həmçinin bazar gözləntilərindən daha zəif maliyyə nəticələrini açıqlayıb. Şirkətin maliyyə nəticələri göstərib ki, mobil şəbəkələr bazarında tənəzzül əvvəllər proqnozlaşdırılandan daha dərin olacaq.

Üçüncü rübdə şirkətin düzəliş edilmiş əməliyyat mənfəəti 424 milyon avro təşkil edib. Bu rəqəmin 545,2 milyon avro olacağı gözlənilirdi.

Günel Məlikzadə
Fins.az