“Google” istifadəçilərini qeyri-aktiv hesablar üçün yenilənmiş siyasət haqqında məlumatlandırmağa başlayıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, iki ildən artıq istifadə olunmayan hesabların silinəcəyi açıqlanıb.
Şirkət 2023-cü il dekabrın 1-dən istifadəçi məlumatlarının qorunması və təhlükəsizliyini artırmaq məqsədilə bu addımı atmağı planlaşdırır. Əvvəlcə hesablara birdən çox xəbərdarlıq bildirişləri göndəriləcək. İstifadəçilər bu xatırlatma e-poçtlarını ən azı səkkiz ay əvvəl alacaq.
Silinəcək ilk hesablar istifadəçilərin yenicə açdıqları və sonra heç vaxt daxil olmadıqları hesablar olacaq. Bununla belə, aktiv “YouTube” kanalları ilə əlaqələndirilmiş, rəqəmsal alış-veriş üçün aktivləşdirilmiş və “Google Play Store” kimi mağazalardan endirilmiş proqramlarla əlaqəli hesablar silinməyəcək.
İstifadəçilər hesablarının silinməsinin qarşısını almaq üçün ən azı iki ildən bir şəxsi hesablarına daxil olmalı və ya “Google” xidmətindən istifadə etməlidirlər.
Fuad Mədətov
Fins.az