Tibb

22 İyul

Azərbaycanda turizm sektoru “əl yandırır”

Karantin qaydaları yumşaldıqdan sonra əhali dincəlmək üçün regionlara üz tutur. Ötən ilin yay ayları koranavirus pandemiyası ilə əlaqədar olaraq turizm sektoru fəaliyyətsiz qaldı və bu səbəbdən bu il yerli turizm obyektlərinə üz tutanların sayında ciddi artım var. Digər yandan Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin çox baha olması xaricə getmək istəyən soydaşlarımızın da qarşısını kəsir. Bu səbəbdən yerli turistlər yalnız daxili imkanlar hesabına yayı başa vurmağa çalışırlar.

Pandemiya zamanı iflic olan turizm sektoru təəssüf ki, karantin qaydalarının yumşalmasından sonra vətəndaşların gözləntilərini doğrultmadı. Qiymətlər pandemiyadan əvvələ nisbətən daha da bahalaşıb.

Məsələ ilə bağlı turizm eksperti Anar Vəliyev bildirib ki, turizm obyektlərində qiymətlərin yüksək olmasının səbəblərindən biri rəqabətsizlik mühitidir.

O, bildirib ki, daxili turizmdə qiymət artımının əsas səbəblərindən biri də pandemiyaya görə xaricə gedən turistlərin sayının azalmasıdır:

“Düzdür, karantin qaydaları yumşalıb, lakin hələ də insanlar pandemiyaya görə xaricə getməyə çəkinir. Bu da onsuz da az sayda olan turizm obyektlərinə tələbi artırır. Müştəri sayı artırsa, qiymətlər də artır və nəticədə sadə insanların istirahət imkanları məhdudlaşır”.

Dövlət Turizm Agentliyinindən isə bildirib ki, turizm sektorunda qiymətlər dövlət tərəfindən tənzimlənmir, bazaryönümlü iqtisadiyyatda bütün xidmətlərin qiyməti tələb və təklif əsasında müəyyənləşir.