Tibb

30 İyun

“Karabakh.Center” layihəsi yaradıldı

“Bu gün Qarabağ Dirçəliş Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” portalının təqdimatı keçirilib”. 

Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 000-dən çox fotosu və videosu bu saytda yer alır.

Bütün fotoları və videoları saytın “Urbisid” bölməsində tapmaq mümkündür.

Burada eyni zamanda Qarabağ haqqında tarixi araşdırma yazıları, faktları yerləşdirilib.

“Münaqişə” və “Cinayət” bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur. 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Karabakh.Center” layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. 

Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin rəhbəri Rəhman Hacıyev bildirib ki, bu internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır:

“Bu internet resursu heç şübhəsiz ki, həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim “Kitabxana”da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcək”.

Qeyd edək ki, tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin rəhbəri Rəhman Hacıyev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, deputat Fatma Yıldırım, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib və ətraflı məlumatlar veriblər.