Tibb

29 İyun

"Bizim reklama, PR-a ehtiyacımız yoxdur!”

Yəqin həmkarlarım da mənimlə razılaşar ki, söhbət marketinq və ya PR-dan başlayanda orta statistik azərbaycanlı sahibkarların ən çox səsləndirdiyi cümlə, məhz budur. 

Bəli, təəssüf ki belədir. Onların əksəriyyəti reklama və ya marketinqə dırnaqarası, pul itkisi və ya mənasız zaman sərfiyyatı kimi baxır. 

Bu postumda sahibkarları belə düşünməyə vadar edən əsas yerli səbəbləri sadalamağa çalışacağam.

1. Keçmişdə pis təcrübə
Digər sahələrdə olduğu kimi, marketinq və PR sahəsində də işini düzgün görə bilməyən, müştərilərində səhv gözləntilər formalaşdıran şirkətlər çoxdur.  Həvəslə və böyük gözləntilərlə başladılan Marketinq və ya  PR kampaniyalarına sərf olunan investisiyalar nəinki geri qayıtmır, hətta bəzən şirkət üçün böyük böhrana çevrilə bilir.
2. “Otkat”, “Şapka” problemi  
Sahibkarların bir çoxunun şirkətdaxili (in house) marketinq komandası qurmaq istiqamətində uğursuz cəhdləri sözügedən sahəyə gələcəkdə daha az sərmayə etmələrinə təsir edir. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin tez-tez iş yeri dəyişməsi və aparılan digər müşahidələr onu göstərir ki, sahibkarların sözügedən komandalara qarşı inamları azdır. İnamın az olmasına ən ciddi təsir edən səbəb əksər yerli marketinq və PR “mütəxəssis”lərin müəyyən müddətdən sonra marketinq fəaliyyətlərində satınalma prosesini şəffaf aparmamasıdır. Bu tip sui-istifadə halları sahibkarda marketinq və PR komandalarına qarşı etibarı azaldır.
3. Nə verdik? Nə qazandıq? Nəticələrin dəqiq təsvir edilməməsi
Bir çox marketinq və PR təkliflərinin detallı nəticələri, qoyulan investisiyanın maddi və ya qeyri-maddi formada geri dönüşü dəqiq təsvir edilmir. Belə olan halda sahibkar risk etməmək qərarına üstünlük verir.
 
Bütün bunlara baxmayaraq, ölkəmizdə öz sahəsində peşəkar olan marketinq və PR mütəxəssisləri var ki, onlar yuxarıda sadaladığım problemlər və stereotiplərə rəğmən davamlı olaraq xidmət göstərdikləri şirkətlərə və brendlərə dəyər qatırlar. Forbes-in (hyper link) araşdırmaları göstərir ki, uğurlu marketinq strategiyası və investisiyalar şirkətin dəyərinin 50 %-dən çox artmasına töhvə verə bilər. 

Müəllif:Anar Əsgərov “INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-su