Tibb

23 İyun

Avropa İttifaqının COVID-19 fondundan ən yüksək vəsaiti bu ölkə alacaq

Avropa İttifaqının koronavirus əleyhinə yenidənqurma proqramı çərçivəsində ən yüksək vəsait İtaliyaya veriləcək.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen və İtaliyanın Baş naziri Mario Draqi Romada birgə mətbuat konfransında bu barədə danışıblar. Qeyd edilib ki, koronavirus pandemiyasının Avropada ən ağır zərbə vurduğu İtaliyanın iqtisadiyyatını yenidən dirçəltmək üçün bu ölkəyə 191,5 milyard avro vəsait veriləcək. Həmin vəsaitlərin 68,9 milyardı birdəfəlik subsidiyalar formasında olacaq.

Bildirilib ki, yeni konyunktur proqramı çərçivəsində 2026-cı ilədək İtaliyada 240 min yeni iş yeri açılmalıdır. Vəsaitlərin mühüm bir hissəsi (68,6 milyard avro) “yaşıl inqilab“ layihələrinə, yəni bərpa olunan enerji layihələrinə sərf ediləcək. Yardımların 49,2 milyard avro təşkil edən digər böyük hissəsi isə rəqəmsallaşma, innovasiya, rəqabət qabiliyyəti və mədəniyyət layihələrinə yönəldiləcək.

Qeyd edilməlidir ki, koronavirus pandemiyasının təsiri nəticəsində ötən il İtaliyada ümumdaxili məhsulun səviyyəsi 8,9 faiz azalıb. İtaliya Avropa İttifaqı üzvləri arasında Yunanıstandan sonra ən yüksək dövlət borclarına malik ölkədir.

Bildirək ki, Aİ ölkələri tərəfindən ötən ilin yayında koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması üçün yaradılan inkişaf proqramı (”Next Generation EU”) ümumilikdə 750 milyard avro büdcəyə malikdir və İkinci Dünya müharibəsindən sonra həyata keçirilən “Marşal Planı”ndan bəri Avropada ən böyük konyunktur proqramı sayılır. Proqram çərçivəsində iqtisadiyyatın pandemiyadan sonra dirçəldilməsi və müasirləşmə layihələri ön plandadır. Fond vəsaitlərinin bir hissəsi ölkələrə subsidiya, digər hissəsi isə kredit şəklində təqdim olunacaq.

Aİ-yə üzv ölkələr fonddan alınacaq vəsaitlərin xərclənməsinə dair planlarını açıqlamalıdırlar. Bu plan qəbul ediləcəyi təqdirdə, Komissiya Prezidenti U. fon der Layen Aİ-yə üzv olan 27 ölkənin hər birinə səfər edərək vəsaitlərin hansı istiqamətlərdə xərclənəcəyini elan edəcək.