Tibb

01 İyun

Nokia ilə Daimler arasındakı mübahisə SONA ÇATIB

Almaniyanın ikinci, dünyanın altıncı ən iri avtomobil istehsalçısı, Mercedes-Benz kimi lüks brendlərin sahibi Daimler Korporasiyası bir zamanların məşhur mobil telefon istehsalçısı, Finlandiyanın transmilli telekommunikasiya, İT və elektronika şirkəti Nokia ilə 2 ildir davam edən “texnologiya müharibəsi”nə son qoyub.

Marja xəbər verir ki, tərəflər ötən ildən davam edən məhkəmə çəkişməsini bitirərək, məsələni öz aralarında həll etmək qərarına gəlib.

Xatırladaq ki, ötən il Daimler Nokianın avtomobillərin naviqasiya və əyləncə sistemlərini internetə qoşan və yarım-avtonom idarəetmə funksiyalarını dəstəkləyən 3G və 4G lisenziyalarını almaqdan imtina etmiş, Nokianın bu lisenziyaları bəzi tədarükçülərə pulsuz verməli olduğu iddiası ilə Almaniya məhkəmələrinə müraciət etmişdi.

Nokia isə əks-iddia ərizəsində Daimlerə ədalətli qiymət təklif etdiyini və innovasiyalara xərclədiyi milyardlarla vəsaiti geri tələb etmək hüququnun olduğunu bildirmişdi. Daimlerin ziyanına cərəyan edən məhkəmə prosesi hətta iri avtomobil istehsalçısı üçün Nokia texnologiyalarına bağlı olan modellərin istehsalını dayandırmaq və iri həcmli təzminat ödəmək təhlükəsi yaratmışdı.

Nəhayət, Daimler prosesin onun xeyrinə bitməyəcəyini anlayaraq, Nokia ilə razılığa gəlməyin daha məqsədəuyğun olmasına qərar verib. “Bu razılaşma bir daha bizim patent portfelimizin keyfiyyətini, Nokianın avtomobil sənayesi üzrə tədqiqata töhfəsini və lisenziya proqramı üçün yeni inkişaf imkanlarını təsdiqləyir.” - Nokia Technologies-in prezidenti Jeni Lukander bildirib.

Daimler isə bircə cümləlik açıqlamasında bəyan edib: “Biz iqtisadi nöqteyi-nəzərdən və uzun sürən məhkəmə çəkişməsindən yorulduğumuz üçün məsələnin həllini dəstəkləyirik.” Tərəflərin heç biri razılaşmanın maliyyə detallarını açıqlamayıb.