Tibb

27 May

Nvidia 3 ayda kriptovalyuta maynerlərinə 155 milyon dollarlıq çip satıb

ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı, məşhur GeForce brendinin sahibi Nvidia şirkəti ötən gün 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, şirkət gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 84% artıraraq 5,66 milyard dollara çatdırıb. Xalis mənfəət isə 109% artaraq 1,9 milyard dollara yüksəlib.

Pandemiyanın yaratdığı fürsətlər və qlobal çip böhranı şirkətin gəlirlərinin sürətlər artmasına təkan verən əsas amillərdən olub. Nvidia-nın istehsal etdiyi qrafik prosessorlar fərdi kompüterlər, süni intellekt və kriptovalyuta mayninqi üçün olduqca vacib elementlərdir. Satışların 3,45 milyard dolları qrafik prosessorların (artım 81%), 2,21 milyard dolları isə kompüter və şəbəkə elementlərinin (artım 88%) payına düşüb.

Cari ildə Nvidia təkcə kriptovalyuta istehsalçılarına 155 milyon dollarlıq çip satıb. Növbəti rübdə bu rəqəmin 400 milyon dollara qədər artırılması planlaşdırılır. Ümumilikdə isə, Nvidia 2021-ci ilin ikinci rübündə 6,3 milyard dollarlıq məhsul satışını hədəfləyir.