Tibb

04 May

“Clubhouse”un Android versiyası təqdim edildi

Audioşəbəkə “Clubhouse” rəsmi olaraq Android üçün versiyasını təqdim edib. Bildirildiyi kimi, tətbiq yalnız bir neçə istifadəçi üçün əlçatan olacaq, lakin tərtibatçılar yaxın gələcəkdə “çox sayda” insanı dəvət etməyə söz verirlər.

Tətbiqin qapalı beta-testinin başlaması barədə məlumat “Clubhouse”un rəsmi bloqunda yayımlanıb. Bununla yanaşı, şirkət onun “Google Play” mağazasında nə vaxt çıxacağını dəqiqləşdirməyib. Xatırladaq ki, hələki tətbiqin tam versiyası yalnız iOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün mövcuddur.

Son vaxtlar “Clubhouse”un populyarlığı azalır. Belə ki, əgər fevral ayında sosial şəbəkədə təxminən 10 milyon yüklənmə var idisə, mart ayında bu göstərici cəmi 2.6 milyon olub. “Clubhouse” şəbəkəsi 2020-ci ilin mart ayında “Alpa Exploration” startapının qurucuları Pol Devison və Rohan Set tərəfindən yaradılıb.

Xidmət dəvət sistemi ilə işləyir, onun istifadəçiləri tematik “otaqlar” işə sala və audioyayım apara bilərlər. Şəbəkə ən çox ABŞ, Yaponiya, Almaniya və Braziliyada populyarlıq qazanıb. Tətbiqin inkişafının pik nöqtəsi 2021-ci ilin fevral ayına təsadüf edib.

Qeyd edək ki, bu gün bir çox sosial şəbəkə “Clubhouse”un analoqu üzərində işləyir. Bunlar sırasında “Facebook”, “TikTok”, “Twitter” və “Telegram” var.

© Banker