Tibb

19 Noyabr

Bu ölkə internetdə fast-foodların reklamını qadağan edir – YENİ SƏRT QAYDALAR

Bakı, 19 noyabr Fins.az

Böyük Britaniya internetdə sağlam olmayan qidaların reklamını tamamilə dayandırmağı planlaşdırır.

The Guardian nəşrinin yazdığına görə, hökumət əhalinin piylənməsinin öhdəsindən gəlmək üçün oxşar tədbirlər görür.

Reklam sənayesi isə artıq belə bir tədbirlərin sərt və seçici olduğunu deyib. Yeni qaydalar tərkibində həddindən artıq yağ, duz, şəkər olan qidaları əhatə edəcək. Ölkənin baş naziri Boris Consonun koronavirusa tutulmasından sonra, onun sağlamlıqla bağlı fikirləri dəyişib və belə sərt qərarlar qəbul etməli olub. Nəşr qeyd edir ki, kilolu insanların COVID-19 virusuna yoluxma riski daha yüksəkdir və onlar xəstəliyi daha ağır formada keçirirlər. Araşdırmalara görə, İngiltərədə yetkinlərin 2/3-də olduğu kimi, ibtidai məktəbi bitirən hər üç uşaqdan biri kilolu və piylənmədən əziyyət çəkirlər.

Hökumətin statistikasına görə, 2019-cu ildə 16 yaşdan kiçik uşaqlar 15 milyard dəfə sağlam olmayan qidaların reklamını görüblər. Müqayisə üçün deyək ki, iki il əvvəl isə bu rəqəm 700 milyon idi.

Reklamverənlər yeni qaydaları pozsalar, hökumət cərimələr də daxil olmaqla, daha ciddi qanunvericilik sanksiyaları tətbiq etməyi düşünür. Britaniya reklam sənayesinin nümayəndələri özləri hesab edirlər ki, fast-food-un onlayn reklamına tam qadağa sənaye sahəsinə zərbə vuracaq. Onsuz da bu sahə COVID-19-dan əziyyət çəkirdi.

ABŞ-da da oxşar belə reklam tənzimlənməsi də nəzərdə tutulur. Sənayenin nümayəndələri deyirlər ki, yeni prezident Bidenin əsas prioritetlərindən biri də ölkə daxilində məlumat gizliliyi qanunu tətbiq etmək olacaq. Qanun reklamverənlərin, agentliklərin, reklam şirkətləri və texnologiya platformalarının hədəf reklamlar üçün istifadəçi məlumatlarını istifadə etməsini çətinləşdirə bilər.