Tibb

28 Avqust

Qlamur şəkil kolleksiyalarından reklama qədər PINTEREST

Pinterest istifadə etməmisinizsə belə, onu istifadə edən insanları çox yaxşı tanıyırsınız, inanın mənə. Solğun payız rəngləri sevən, xəyallarının ilk pilləsində karavanla dünya səyahətinə çıxmaq olan, xarici görkəminə, geyimlərinə xüsusi diqqət yetirən insanların bir çoxu fikirlərini, onlara ilham verən amilləri məhz Pinterestdən tapırlar və “pinləyirlər”.

 

Bəs Pinterest nədir?

Vizual materialların üstünlük təşkil etdiyi şəkil kolleksiyaları, qrupları və pinlərindən ibarət sosial platformalardan biridir. 2010-cu ildə yaradılan platformanın əzəli rəqibi digər bir foto platforması olan We Heart It olsa da, güclü səylərinə baxmayaraq, Pinterest öz auditoriyasının yaş aralığı, məşhurluğu və maraqları səbəbilə onu ötüb keçdi.

Yalnız 33%-nin kişilərdən ibarət olduğu bu platformanın adı az əvvəl qeyd etdiyim “Pin” və “Interest” sözlərindən yaranıb. Yəni siz öz maraqlarınıza uyğun olduğunu düşündüyünüz hər şeyi rahatlıqla pinləyə - yadda saxlaya bilərsiniz.

Pinterest və istifadəçi strategiyası

Qeydiyyatdan keçən kimi sizə təqdim etdiyi kolleksiyalarla birlikdə sizi daha yaxından öyrənməyə çalışan alqoritmi Pinterest istifadəçiləri üçün həyatı daha da asanlaşdırır. Belə ki, bəli, siz qeydiyyatdan keçib öz istifadəçi adınızı və parolunuzu müəyyən etdikdən sonra maraq dairənizə uyğun seçdiyiniz kolleksiya və mövzularla birlikdə Pinterest əsas səhifəsi sizə yüzlərlə material təqdim edir. Yəni, sizi xüsusi hiss etdirməyə nail olur. Bundan sonra siz özünüzə aid kolleksiyalar (Pinterest termini kimi “Pano”lar) yaratmağa başlayıb fotolar pinlədikcə ana səhifəniz də ona uyğun yenilənəcək. Bu da Pinterest-in öz istifadəçilərinin qayğısına qalmaq tərzidir.

Pinterest rəqəmlərdə

  • Pinterestdə yaradılan biznes profillərin sayı 500 mindən çoxdur;

  • Gündə 5 milyon material pinlənir;

  • Orta statistik bir istifadəçinin bir ayda burada keçirdiyi vaxt 98 dəqiqədir;

  • Pinterestdən istifadə edərək məhsul alan istehlakçıların bir məhsul üçün ödədiyi məbləğ ortalama 140-180 dollardır;

  • Qlobal elektron satış statistikasının 44%-i Pinterest-in payına düşür;

  • Aktiv Pinterest istifadəçilərinin 83%-i hansısa məşhur insanı deyil, biznes profilini izləyir.

Pinterest bizə necə kömək edə bilər? Üstünlükləri nələrdir?

Gəlin ondan başlayaq ki, sizin biznes profilinizin Pinterest-də uğurlu olması ehtimalı çoxdur, çünki Pinterest-də məşhurlar, mütəxəssislər, brendlər azlıq təşkil edir. Onların auditoriyasının müəyyən hissəsi bu platformada olsa da, özləri burada deyillər. Odur ki, vaxt sizin biznesinizin parıldayacağı vaxtdır!

Pinterest-in digər sosial məcralar içərisində təcrid olunan bir platforma kimi boynu bükük olması hələ o demək deyil ki, bu, uğursuzluqdur. Dizaynerlərdən tutmuş, influenserlərə qədər, influenserlərdən tutmuş modelyerlərə qədər bir çox insan buradakı fotolardan ilhamlanır, onları yenidən reallaşdırır və yaxud sadəcə olaraq yükləyib istifadə edir. Yəni, sizin Pinterest-də paylaşacağınız kontent insanlar üçün maraqlı olacaq - Azərbaycandakı auditoriya bunun əksini desə belə.

Devid Mirman Skot (David Meerman Scott) un “Real-Time Marketing and PR” adlı kitabında da bəhs etdiyi kimi, siz bir bloqer, sahibkar, SMM, dizayner və yaxud digər ixtisaslara sahib insanlar olaraq yeni auditoriya qazanmaq üçün kənarda qalan bir tətbiqə bel bağlayıb oranın yüksələcəyini əvvəlcədən təxmin edərək həmin platformada kontent yarada bilərsiniz.

Bəlkə, Pinterest Azərbaycanda heç gözləmədiyimiz qədər çox səs-səda doğurdu, kim bilə bilər?

Müəllif: Pəri Abbaslı

 

(c)facemark