Tibb

01 Aprel

Böhran və Sonrası

Böhran gəldi. Bu isə çoxlarımızın gözlədiyi kimi nə iqtisadi, nə sosial, nə də siyasi böhran oldu. Sadaladığım böhranlara qarşı daha hazırlıyıq əslində, tez-tez elə hallarla qarşılaşır və “kiçik” zərərlərlə onların öhdəsindən gələ bilirik.

Nədənsə, təbiətdən gələn böhranlara qarşı daha az hazırlıqlı oluruq. Bu da həmin böhranları daha dağıdıcı və uzunmüddətli edir. Mövzu sağlamlıq olduqda məsələ daha da qarışıq olur. Əlbəttə, bunun da öhdəsindən gələcəyik, lakin hazırlıqsız olmaq dünyanın ən inkişaf etmiş ölkələrini belə çıxılmaz vəziyyətə saldı. Məsələ budur ki, gözləmədiyimiz bu böhranın yuxarıda qeyd etdiyim digər böhranları da özü ilə birlikdə gətirəcəyi gözlənilir. Artıq qapıdadırlar… Amma hər şey düşündüyünüz qədər pis olmaya bilər.

Öz sahəm olduğu üçün elə reputasiyadan başlayaq.

Bu böhran düzgün kommunikasiyanın və reputasiyanın nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. İndiki halda verilən hər yanlış məlumat illərlə qurulan etibarı itirməyə, atılan hər səhv addım isə illərlə qurulan reputasiyanın məhv olmasına səbəb ola bilər.

Lakin hər kəsin dayanmadan informasiya istehlak etdiyi dövrdə siz də öz öhdəliyinizə düşənləri etməklə, böhranla mübarizəyə qoşulmaqla, maarifləndirmə və dəstək proqramları yaratmaqla həm cəmiyyət üçün ciddi fayda yarada, həm də böhrandan sonrakı dövr üçün öz reputasiyanızı hazırlaya bilərsiniz. İndi heç bir şey etməmək özü belə ziyan ola bilər!

Dövlət qurumlarını xatırlamağa çalışın desək, yəqin ki, mənzərə 2 ay əvvəlki kimi olmayacaq. Ağlınıza ilk gələn qurumlar hazırkı vəziyyətdə ən aktiv olan, böhranla mübarizəyə ən çox dəstək olan qurumlar olacaq. 2 ay əvvəl bu qurumlar haqqında bəlkə də mənfi təəssüratınız var idi. İndi də elədirmi? Heç düşünmürəm! Onların necə deyərli olduğu və necə fayda yaratdığı belə böhran hallarında üzə çıxır və yenilənən reputasiyaları uzun müddət güclü qalır.

Təkcə onlar haqqında təəssüratlar deyil, həm də ağla ilk gələn qurumların adı belə dəyişir. 2 ay əvvəl bu sual soruşduqda, yəqin ki, ilk xatırladığınız qurumlar arasında fərqli variantlar da ola bilərdi.

Eyni şey şirkətlər və şəxslər üçün də keçərlidir.

Cəmiyyətin ən çox ehtiyacı olduğu anda dəyər yaratmağı unutmayın və bunu onlar üçün edin. Lakin bilin ki, bu ən çox sizin özünüzə faydalıdır. Emosional fəaliyyətlər sizi auditoriyanız ilə daha da yaxınlaşdırır və onları sizə daha güclü hisslərlə bağlayır. Bu da reputasiyanızın inkişafı üçün ayrı bir imkan yaradır. Xüsusilə, nəzərə alsaq ki, indi insanların emosional anlayışları və reaksiyaları həmişəkindən daha yuxarıdır, buna ciddi diqqət ayırmağa dəyər.

Bəli, çətin vəziyyətlər ola bilər, hətta daha çətinləri bizi gözləyə bilər. Lakin qaydalara əməl etməklə biz bunun öhdəsindən daha tez gələ bilərik. Üstündən çox az vaxt keçməsinə baxmayaraq çox darıxdığımız keçmiş həyatımızı ən tez geri gətirməyin ən yaxşı yolu da məhz budur.

Düşünürəm ki, bu böhran halı bitdikdən sonra insanlar çox darıxdıqları keçmiş həyat tərzlərini elə həvəslə qucaqlayacaqlar ki, bu da gözlənən sosial və iqtsadi krizləri tezliklə və çox az zərərlə başa vurmağa imkan yaradacaq.

Digər tərəfdən problemin bütün dünyaya yayılması siyasi birlik və ölkələr arasında yardımlaşmanı ciddi şəkildə artırdı. Bu bəlkə də böhranın ən müsbət tərəflərindən biri idi. Belə birlik və yardımlaşmanın davam etməsi halında gözlənilən iqtisadi böhranın qısa müddət ərzində həll olunmasını gözləmək olar.

Ötən yazımda risklərin dəyərləndirilməsinə təsir edən faktorlar haqqında danışmışdım. Onlardan 3-ü inam, kontrol və məlumatlılıq dərəcəsidir. Öz dövlətimiz daxil digər dövlətlərə inamınızı yüksək tutun, onlar bu vəziyyətin öhdəsindən gəlmək üçün çalışır və bunu müvəffəqiyyətlə həyata keçirirlər. Yəni, kontrolu onlara buraxın və sizdən istədikləri hər şeyi edin. Hər bir yenilik haqqında da daim məlumat paylaşılır və durmadan maarifləndirmə materialları hazırlanır. Məlumatlılıq dərəcənizi artırmaq və digərlərini öyrətməklə də virusla mübarizəyə dəstəyinizi göstərə bilərsiniz.

Daha əvvəl qeyd etdiyim kimi qorxaraq yaşamayın, amma hər zaman diqqətli və sağlam qalın! 

Müəllif : Anar Əskərov