Tibb

26 Fevral

Özünüz haqqında danışın - Bu suala necə cavab verək?

Əslində bu sual işaxtaranın ünsiyyət bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulub. Kortəbii cavab vermək risklidir. “Özünüzü düzgün təqdim etmək müsahibənin əsas mərhələsidir. Müsahibə götürənləri bu mövqeyə ən ideal namizəd olduğunuza inandırmaq üçün əla fürsətdir”, — personalın öyrədilməsi üzrə şirkətin təsisçisi Cudit Hamfri bildirir.

“Microsoft”da 14 il işləmiş, hal-hazırda isə rəhbər işçilərin kouçu və məsləhətçisi kimi fəaliyyət göstərən Sabina Nevaz öz müştərilərini ilk növbədə məhz bu suala hazırlayır.

“Namizəd müsahibə zamanı özü haqqında danışarkən vəziyyətə nəzarəti öz əlində saxlayır və karyerasının yeni işəgötürən üçün xüsusilə vacib olan tərəflərini daha yaxşı vurğulaya bilir”.

Tipik səhvlərə yol verməyin. Müsahibiniz, yəqin ki, CV-nizi oxuyub, odur ki, yenidən məzmununu təkrarlamayın. İşəgötürmə üzrə sabiq menecer və müştəriləri əmək haqqı barəsində danışıqlara hazırlayan kouç Coş Dudi xəbərdarlıq edir:

“Filan cür təcrübəyə malik olmaq, filan ali məktəbdə təhsil almaq, filan-filan sertifikatlara sahib olmaq, filan qeyri-adi layihələr üzərində işləmək kimi məlumatlar kifayət etməyəcək. Vakansiya üçün müraciət edənlərin çoxu bu barədə danışır. Biz isə instinktiv olaraq CV-də qeyd olunanların hamısını sadalamağa başlayırıq”.

Asan yolla gedərək özünüz haqqında yeni bir şey söyləmək fürsətini əldən verirsiniz. Cudit Hamfri lüzumsuz informasiya əvəzinə özünüz haqqında bir arqument ətrafında hekayə qurmağı tövsiyə edir. Dəliliniz olması üçün üç fakt da tapmalısınız. Məsələn:

“Əminəm ki, yaxşı təşəbbüskarlıq bacarığına sahibəm. Bu sahədə çox təcrübəm var. Bu vəzifə ilə maraqlanıram, çünki bu, bacarıqlarımı inkişaf etdirməyə imkan verəcək”.

Digər namizədlərdən seçilmək üçün müsahiblərinizi inandırmalısınız ki, sizin gəlişiniz əmək kollektivinin effektivliyini artıracaq. Gələcək komandanızın hansı məsələləri həll etdiyini əvvəlcədən araşdırın və menecerlərin eşitmək istədiklərini danışın. Özünüz haqqında çox şey danışsanız belə bu, bilavasitə iş kollektivinin məqsəd və tapşırıqları ilə bağlı olduğu üçün həmsöhbətinizi yormayacaq.

Hekayənizin əsas ideyasını izah edərək ilk növbədə nəyə önəm verdiyinizi müsahibinizə göstərirsiniz. Sabina Nevaz özü haqqında hekayəni misal çəkir:

“Mən deyərdim ki, karyeramda xüsusilə vacib rol oynamış üç keyfiyyətim var və onlar yeni vəzifəmdə də çox faydalı olacaq. Bir nümunə göstərəcəyəm. 2017-ci ildə bir böhranla üzləşdik — [böhran haqqında qısa məlumat]. Problem bunda idi ki [bu barədə]. Bu keyfiyyətlər böhranın öhdəsindən gəlməyimə kömək etdi — [necə]. Buna görə də bu 3 xüsusiyyəti güclü cəhətlərim hesab edirəm”.

Vəzifəniz yalnız tərcümeyi-halınızı sadalamaq deyil, özünüz haqqında əlaqəli bir hekayə söyləməkdir. Bunun üçün əvvəlcədən hazırlaşmalısınız. Yaxşı bir hekayə danışmaq üçün özünüzdən ilk növbədə hansı karyera nailiyyətlərinizə görə fəxr etdiyinizi və bu uğurların güclü tərəflərinizi necə vurğuladığını soruşun. Bu keyfiyyətlərdən hansı gələcəkdə sizin üçün faydalı olacaq?

“Hər kəs ağıllı, işgüzar olduğunu və məqsədlərinə çatmağı bacardığını söyləyəcək. Bunun əvəzinə özünəməxsus xüsusiyyətlərinizi, sizi başqalarından fərqləndirən unikal keyfiyyətlərinizi bizə danışın”, — deyə Sabina Nevaz məsləhət görür. Bu xüsusiyyətlər niyə yeni işiniz üçün bu qədər vacibdir? Şirkət bu vəzifəyə niyə işçi axtarır? Bunları başa düşmək vacibdir. “Əslində müsahibədə səndən soruşulur: “Bizə necə kömək edə bilərsən?”. Qabaqcadan hazırlaşmısansa, gələcək işəgötürənə niyə lazım olduğunu artıq bilirsən”, — Coş Dudi bildirir.

Bu hazırlıq nəyə gərəkdir? Dudi vəzifənin təsvirini diqqətlə öyrənməyi, şirkət barədə məlumatları internetdə araşdırmağı, gələcək həmkarlarınızın bloqlarını və ya videolarını axtarmağı məsləhət görür. “Məqsədiniz şirkətin nə ilə məşğul olduğunu, hansı məqsədləri həyata keçirdiyini, onlara çatmaq yolunda hansı çətinliklərlə qarşılaşdığını anlamaqdır”, — deyə vurğulayır.

Uğurlarınız barədə daha çox nümunəni necə toplamaq olar? “Müştərilərimə müsahibədən əvvəl həmkarları, tərəfdaşları, dostları ilə danışmağı tövsiyə edirəm. Onlar unuda biləcəyiniz maraqlı hadisələri xatırlamağa kömək edəcəklər”, — Nevaz təklif edir.

Uzunçuluq etməyin. “Dinləyicilərin marağını itirməyə vaxt tapmamaları üçün hekayənizin təxminən bir-iki dəqiqəlik olmasına səy göstərin. Qısa müddətdə bütün vacib şeyləri söyləmək çətindir, ancaq çox uzatsanız, cavabınız monoloq kimi görünməyə başlayacaq”, — Cudit Hamfri qeyd edir. Əlbəttə, dinləyicilərin sizi nə qədər maraqla dinlədiklərini anlamaq üçün inkişaf etmiş bir emosional zəka tələb olunur. Onların əhvalını hiss etməyə çalışın. Müsahiblərinizin fikrinizin əsas məğzini dəqiq anlamaları zəruridir. “Hər şey haqqında” rabitəsiz nitq namizədin özü haqqında tam və dolğun təsəvvürünün olmadığına işarət edir.

©Finco.az