Tibb

14 Yanvar

Bill Qeyts 2020-ci ilin qışında bu 5 kitabı oxumağı tövsiyə edir

Bill Qeyts, ənənəsinə sadiq qalaraq hər dəfə yeni il ərəfəsində növbəti aylar üçün kitab tövsiyələrini paylaşır. Biz də həmin kitabları sizə təqdim edirik. Soyuq qış aylarında maraqlı hekayə və romanlardan zövq ala, amerikan tarixinə fərqli aspektdən baxa və uşaqları gələcəyə daha yaxşı hazırlaya bilərsiniz.

Beləliklə qış aylarında oxuya biləcəyiniz beş maraqlı kitabla gəlin, tanış olaq.

1. AN AMERICAN MARRIAGE – TAYARI JONES

Amerika evliliyi

“Yanlış bir məhkumiyyətin gənc bir afro-amerikalı cütlüyün taleyinə təsirinin hərəkətli təsviri”- Barack Obama

Selestial və Roy, yenicə evlənmiş bir cütlükdür. Roy gənc rəhbər, Selestial isə yeni həyəcanlı karyera astanasında olan bir sənətçidir. Bir gün ağıllarına gəlməyəcək şəkildə bir zərbə alırlar və həyatları darmadağın olur, Roy etmədiyi bir cinayətə görə 12 illik həbs cəzasına məhkum olunur. Pərişan olan Selestial öz sevgisinə sadiq qalmağa çalışdığı halda, təsəllini ən yaxın dostu Andredə tapır. Royun məhkumiyyəti isə bir anda çıxan əfv fərmanı ilə bitir və o, evinə geri dönür. 

“Amerika evliliyi” roman janrında yazılmış şah əsərlərdən biri hesab olunmağa layiqdir. Kitab sizə bir-birinə bağlı, lakin öz əllərində olmayan hadisələr səbəbindən ayrılmağa məcbur üç xarakterin qəlblərinin və zehinlərinin dərinliklərinə enməyə imkan verir. 

2. THESE TRUTHS – JILL LEPORE

Bu həqiqətlər

Uzun illərdir Amerikanın ən iddialı qəzetlərindən olan New Yorker üçün yazan, mükafatçı və tarixçi Jill Lepore amerika tarixinin gözəlliyi və faiciəsini, bölünmüş xalqın köklərini və yüksəlişini bu kitabda nəql edir. ABŞ tarixini 800 səhifəyə sığdırmağa çalışan tarixçi, kitabda fərqli baxış bucaqlarına yer verib. Bill Qeytsin dili ilə desək:

“Bu ana qədər oxuduğum amerika hekayələrinin ən dürüst və cəsarətlisidir. ABŞ tarixi haqqında həddindən çox oxumuş olsanız da, bu kitabdan yeni nələrsə öyrənəcəyinizə əminəm.”

3. GROWTH – VACLAV SMIL

Böyümə

Bu sehirli kitabda Vaclav Smil kiçik orqanizmlərdən boyük imperiyalara və mədəniyyətlərə qədər, təbiətdə və cəmiyyətdə böyümənin sistematik təhlilini təqdim edir.

“Sevimli yazıçılarımdan birinin böyümə mövzusunda yeni bir kitab üzərində çalışdığını eşidəndə, səbirsizliklə gözləməyə başladım (iki il öncə yazmışdım ki, necə ki bəzi insanlar Star Wars filminin bir sonrakı hissəsini gözləyir, mən də Smil kitablarını gözləyirəm, bu sözümün hələ də arxasındayam). Məni qətiyyən məyus etmədi. Həmişə olduğu kimi, söylədiyi hər şeylə razılaşmasam belə, keçmişi icmallaşdıran və böyük rəsmi görməyə imkan verən, düşündücürü bir kitabdır”.

4. PREPARED – DIANE TAVENNER

Hazırlıqlı: Dolğun həyat üçün uşaqların nəyə ehtiyacı var?

Hər bir valideyn bilir ki, uşaqları məktəbdən sonra həyata hazırlamaq uzun və bəzən də çətin bir mərhələdir. Tavenner ölkədə öz performansı ilə seçilən ən yaxşı məktəblərin şəbəkəsini hazırlayıb. Həmçinin bu kitab sözügedən mərhələnin öhdəsindən necə səmərəli və problemsiz şəkildə gəlməyə dair sizə bələdçi olacaq. Eyni zamanda kitab uşaqların kollecə və ya ali məktəbə daxil olması üçün tələb olunanlardan əlavə, həyatlarını necə daha yaxşı yaşaya biləcəklərini izah edir.

5. WHY WE SLEEP – MATTHEW WALKER

Biz niyə yatırıq?

Yuxu həyatımızın, sağlamlığımızın və uzun ömürlü olmağımızın ən önəmli faktorlarından biridir və 21-ci əsrdə bəşər övladı hələ də yuxunun əhəmiyyətini qəbul etməkdən yayınır və yuxu verdiyimiz ilk qurbanlardan biri olur. Müasir dünyada bir çox ağır xəstəlik – alzheimer, xərçəng, çəki artıqlığı, piylənmə, diabet yuxu pozğunluğu və ya çatışmazlığı ilə əlaqədar yaranan xəstəliklərdir.

Professor Matthew Walker bu mövzuda 20 illik elmi araşdırmalara əsaslanan və yuxu sirrini açmağa çalışan bir kitab ərsəyə gətirib, kitab öz janrında ilklərdən biridir. Elmi tədqiqatlara sadəcə insanlar deyil, heyvanat aləminin bir çox üzvləri, quşlar, ən fərqli həşarat növləri də cəlb olunub. Kitabda kofein və ya spirtli içkilərin, həmçinin digər zərərli vərdişlərin yuxu rejiminə necə təsir etdiyi də öz əksini tapıb.

“Bu il insan davranışları haqqında bir neçə əla kitab oxudum və bu, ən qəribə və dərinlərdən biri idi. Hər kəs yaxşı bir gecə yuxusunun nə qədər önəmli olduğunu bilir – bəs əlsində yaxşı bir gecə yuxusu necə olur? Walker məni yatma vərdişlərimi dəyişməyə razı sala bildi. Əgər 2020-ci il üçün qərarınız daha bir sağlam həyatdırsa, Walkerin tövsiyələri başlamaq üçün yaxşı bir nöqtədir”.

 

© 1lady.az