SOSİUM

22 Dekabr

Azərbaycanda yerli məhsullar əlçatan qiymətlərlə satışa çıxarılıb - Faiq Hüseynov

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı münasibətilə 10 günlük Yeni il yarmarkası fəaliyyətə başlayıb. Yarmarkanın əsas məqsədi kiçik və orta fermerlərin məhsullarını bazara çıxarmaq və şəhər sakinlərini yerli, keyfiyyətli məhsullarla əlçatan qiymətə təmin etməkdir.

Finss.az xəbər verir ki, bunu "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin üzvü Faiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yarmarkada ölkənin 35 regionundan 80-dən çox fermer iştirak edir və 200-dən çox məhsul çeşidi satışa çıxarılıb:

"Məhsullar birbaşa fermerdən alıcıya təqdim olunduğu üçün qiymətlər əlçatan və münasibdir. Hər məhsulun qiymət aralığı məlumat lövhəsində göstərilir."

F.Hüseynov bildirib ki, fermerlər ödənişsiz piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla təmin olunub. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyaları nəzarət edir və istənilən vaxt məhsul analizi aparmaq mümkündür.

İdarə Heyətinin üzvü F.Hüseynov qeyd edib ki, bu il ilk dəfə olaraq yarmarkadan əlavə, Əhmədli, Xalqlar Dostluğu, Neftçilər, Qara Qarayev, Nəriman Nərimanov və digər metro stansiyalarının çıxışlarında səyyar sərgi-satış yarmarkaları təşkil ediləcək.

"Dekabrın 25-dən isə Sumqayıt şəhərində də yarmarkalar fəaliyyət göstərəcək. Fermerlərin yarmarkaya qoşulması üçün heç bir məhdudiyyət yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Aqrar İnkişaf Mərkəzləri, çağrı mərkəzi və sosial şəbəkələr vasitəsilə bütün maraqlanan fermerlər tədbirə cəlb olunur."

F.Hüseynov əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərində də belə yarmarkaların təşkili planlaşdırılır. Bu il Kəlbəcərdə Bal Festivalı keçirildi və gələn il həmin festivalın daha böyük səviyyədə təşkilini planlaşdırırıq.

Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) yerləşir və dekabrın 30-dək davam edəcək.

Fuad Mədətov
Finss.az