Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərin əmək bazarında rəqabət qabiliyyətini artırmaq və müasir peşələr üzrə ixtisaslaşmasını təmin etmək məqsədilə geniş peşə hazırlığı kursları təşkil edir.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Məlumata görə, Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də işsiz və işaxtaran şəxslər üçün əmək bazarının tələblərinə cavab verən sahələr üzrə peşə hazırlığı kurslarının təşkilidir:
"Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.”
Açıqlamada rəqəmsal iqtisadiyyatın sürətli inkişafının peşə tələblərinə təsiri də vurğulanıb:
“Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı əmək bazarında yeni bacarıqlara olan tələbatı artırdığından, Dövlət Məşğulluq Agentliyi də vətəndaşların müasir peşə bilik və bacarıqlarının formalaşdırılması məqsədilə geniş təlim proqramları həyata keçirir.”
Cari ilin ötən dövründə Agentlik tərəfindən təşkil olunmuş rəqəmsal ixtisaslar üzrə peşə hazırlığı kursları aşağıdakılardır:
- Backend developer
- Frontend developer
- ‘Full stack’ mütəxəssisi
- Data analitik (‘Big Data’)
- Qrafik dizayner
- ‘UI/UX’ dizayner
- Rəqəmsal media və marketinq mütəxəssisi
- Sosial media mediatoru
- Kompüter sistemləri və şəbəkələrinin proqram təminatı
- ‘Help Desk’ (Yardım masası) mütəxəssisi
- Kompüter operatoru
- Dizayner
- ORACLE PL/SQL
- Veb-dizayner
- ‘Java’ proqramlaşdırma
- ‘DevOps’ mühəndisi
- Mobile developer
- ‘Arduino’ (robototexnika)
Agentlik qeyd edib ki, bu peşə hazırlığı kursları vətəndaşların rəqəmsal bacarıqlarının inkişafına, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına və müasir peşələr üzrə ixtisaslaşmasına mühüm töhfə verir. Peşə hazırlığı kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.
Beləliklə, Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi təlim və tədris proqramları işsiz və işaxtaran şəxslərin rəqəmsal bacarıqlarını gücləndirir, onları müasir əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar kimi hazırlayır.
Fuad Mədətov
Finss.az
