SOSİUM

24 phrase_var_core.november

DOST Agentliyi 10 ayda 491,8 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib - AÇIQLAMA

Görülmüş işlərin nəticəsi olaraq Dövlət Məşğulluq Agentliyi bu ilin 10 ayında 491,8 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 158 min şəxs münasib işlərlə təmin olunub, 16,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Yanvar-oktyabr aylarında 15,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 302 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Finss.az-ın sorğusuna cavab olaraq, DOST Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərini açıqlayıb:

“Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə müxtəlif aktiv məşğulluq tədbirlərini həyata keçirir. Agentliyin fəaliyyət istiqamətləri işaxtaran şəxslərin əmək bazarına hazırlığı, işə yönləndirilməsi, öz biznesini qurmaq imkanlarının yaradılması və həssas qrupların məşğulluğunun təşviqini əhatə edir.”

Agentlik tərəfindən həyata keçirilən əsas tədbirlər aşağıdakı kimi qeyd olunub:

  • İşlə təminat: “İşsiz və işaxtaran şəxslərin mövcud vakansiyalar üzrə uyğun işlərlə təmin edilməsi.”
  • Özünüməşğulluq proqramı: “Öz biznesini qurmaq istəyən vətəndaşlara aktivlərin təqdim olunması və kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstək.”
  • Peşə hazırlığı: “Mövcud ixtisası üzrə işləmək imkanı olmayan şəxslərin əmək bazarında tələb olunan peşələr üzrə təlimlərə cəlb olunması.”
  • Peşəyönümü məsləhət xidmətləri: “Hədəf qruplarına əmək bazarındakı imkanlar, peşə seçimi və karyera istiqamətləri barədə məsləhətlərin verilməsi.”
  • Məqsədli proqramlar və kvotadan əlavə iş yerlərinin yaradılması: “Həssas qruplardan olan şəxslərin məşğulluğunun təmini məqsədilə işəgötürənlərlə əməkdaşlıq.”
  • Əmək yarmarkaları: “Regionlarda mövcud iş imkanlarının işsiz və işaxtaranlara birbaşa tanıdılması, işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi və s.”

Beləliklə, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq proqramları işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışını asanlaşdırır, onların peşə bacarıqlarını artırır və dayanıqlı məşğulluq imkanlarını gücləndirir.

Fuad Mədətov
Finss.az