Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) gənclərin məşğulluq imkanlarını artırmaq məqsədilə rəqəmsal platformalar və onlayn xidmətlər təqdim edir.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq DOST Agentliyindən məlumat verilib.
Məlumata görə, bu gün rəqəmsallaşma məşğulluq xidmətlərinin ayrılmaz hissəsidir və DOST Mərkəzləri bu sahədə çevik, rahat həllər təqdim edir:
“İş axtaran gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ‘Əmək və məşğulluq’ altsistemi (MEİS) üzərindən tam elektron qaydada qeydiyyatdan keçə, məşğulluq vəziyyətlərini şəxsi kabinet vasitəsilə izləyə bilirlər. Sistem avtomatik olaraq işsiz statusunu müəyyən edir və fərdi məşğulluq proqramı formalaşdırır.”
DOST-un rəqəmsal həlləri iş axtaran gənclərə əlavə imkanlar yaradır:
“Əgər uyğun iş mövcuddursa, sistem tərəfindən elektron göndəriş və müsahibə dəvəti yaradılır. Beləliklə, gənclər iş axtarışı və karyera planlamasını evdən çıxmadan idarə edə bilirlər.”
Həmçinin, agentlik gənclərə peşəyönümü və karyera planlamasında göstərilən dəstəyi vurğulayıb:
“Bundan əlavə, DOST mərkəzlərində peşəyönümü məsləhəti xidməti göstərilərək gənclərə düzgün peşə seçimi və gələcək iş imkanlarının qiymətləndirilməsində dəstək verilir.”
Nəticədə, DOST-un rəqəmsal xidmətləri iş axtaran gənclərin məşğulluq imkanlarını artırır:
“Nəticədə bu rəqəmsal xidmətlər vaxt itkisini azaldır, şəffaflığı artırır və əmək bazarına çıxışı daha səmərəli edir.”
Fuad Mədətov
Finss.az

