SOSİUM

19 Noyabr

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 9,5% artıb

2025-ci il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 781,4 min nəfər olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onların 863,2 min nəfəri dövlət sektorunda, 918,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata əsasən, muzdla işləyənlərin 18,8%-i ticarət və nəqliyyat vasitələrinin təmirində, 18,1%-i təhsildə, 13,9%-i sənayedə, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7%-i tikintidə, 6,3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində, 4,5%-i nəqliyyat və anbar təsərrüfatında, 4%-i peşə, elmi və texniki fəaliyyətlərdə, 2,4%-ü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,3%-ü maliyyə və sığorta fəaliyyətində, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində işləyib.

Qeyd olunub ki, 2025-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 1 087,7 manat təşkil edib. Ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində müşahidə olunub.

Fuad Mədətov
Finss.az