SOSİUM

18 phrase_var_core.november

Akselerasiya Proqramında SOCAR və PAŞA-da işlə təmin olunan gənclərin sayı artır - DOST Agentliyi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) gənclərin peşə və karyera inkişafına dəstək məqsədilə dövlət və özəl sektorla əməkdaşlıq proqramlarını genişləndirir.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq DOST Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, DOST Agentliyinin əsas məqsədlərindən biri gənclərin peşə və karyera inkişafına real dəstək göstərmək, onları dövlət və özəl sektor əmək bazarına inteqrasiya etdirməkdir və bu istiqamətdə Agentlik bir sıra universitetlər və şirkətlərlə əməkdaşlıq qurub.

Bu çərçivədə Azərbaycan Turizm və Menecment Universiteti, Kooperasiya Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Anlaşma memorandumları imzalanıb.

“Anlaşma memorandumları tələbələrin bilik və bacarıqlarının artırılması, könüllülük və təcrübə proqramlarının genişləndirilməsini nəzərdə tutur. Nəticədə yüzlərlə tələbə DOST könüllülük və təcrübə proqramlarında iştirak edir.”

DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi və UNICEF Azərbaycan tərəfindən birgə icra olunan “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi çərçivəsində Tələbələrin Akselerasiya Proqramı da həyata keçirilir:

“Proqram gənclərə təlim, təcrübə və məşğulluq imkanları yaradır. Artıq bir sıra benefisiarlar SOCAR, PAŞA Technology, PAŞA Həyat Sığorta kimi şirkətlərdə işlə təmin olunub, digərləri STEP IT Academy-də keçirilən təlimlərdə iştirak edərək sertifikat alıblar.”

Layihə gənclərin sosial və rəqəmsal bacarıqlarının artırılmasını da hədəfləyir:

“Bu məqsədlə Mərkəzi Bank, Dövlət Əmək Müfəttişliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Codelandia Academy və AccessBank ilə birgə müxtəlif təlim və düşərgələr keçirilib.”

Məlumatda vurğulanıb ki, ümumilikdə, DOST Agentliyinin bu əməkdaşlıqları gənclərin real iş təcrübəsi qazanmasına, peşə bacarıqlarının inkişafına və uzunmüddətli karyera perspektivlərinin formalaşmasına şərait yaradır.

Fuad Mədətov
Finss.az