Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən texnoloji inkişaf, rəqəmsallaşma və demoqrafik dəyişikliklər Azərbaycanın əmək bazarının strukturunda və peşə tələblərində əhəmiyyətli transformasiyaya səbəb olur.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Agentlikdən verilən açıqlamada vurğulanıb ki, bu dəyişikliklər həm yeni imkanlar, həm də uyğunlaşma zərurəti yaratması baxımından məşğulluq səviyyəsinə müsbət təsir göstərir:
"Texnoloji trendlər ənənəvi peşələrin aktuallığını itirməsinə, eyni zamanda yeni və yüksək ixtisas tələb edən sahələrin yaranmasına səbəb olur. Bu da karyera dəyişikliyini müasir əmək bazarında təbii bir prosesə çevirir.”
Dövlət Məşğulluq Agentliyinin “Əmək Bazarı Bülleteni №4”də yer alan məlumatlara əsasən, vətəndaşların karyera dəyişikliyi etmələrinin əsas səbəbləri yalnız maddi deyil, həm də şəxsi amillərlə bağlıdır:
- Maraq amili: 45%
- Monoton və qeyri-sağlam iş mühiti: 32%
- Əməkhaqqı: 23%
Agentlik bildirib ki, texnologiyaların sürətli inkişafı tələb olunan bacarıqların tərkibini də dəyişir:
“Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, müasir əmək bazarında yumşaq bacarıqlar (soft skills) önəmli yer tutur. Tədqiqatlar göstərir ki, iştirakçıların əvvəlki iş təcrübələrində əldə etdikləri bacarıqların 68%-i məhz ünsiyyət, problem həll etmə və idarəetmə kimi yumşaq bacarıqlardır. Əsas tələb olunan bacarıqlardan bəziləri analitik düşüncə, yaradıcı yanaşma, dözümlülük, elastiklik və çeviklikdir.”
Agentlik məlumat verib ki, yeni peşə tələbləri və struktur dəyişiklikləri məşğulluq göstəricilərinə də aktiv dinamika gətirir:
“2025-ci ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, məşğul əhalinin ümumi sayı 5 096,5 min nəfər təşkil edib və onların da təxminən 80%-i qeyri-dövlət sektorunda cəmləşib. 2025-ci ilin ilk 10 ayı ərzində Agentlik tərəfindən işə düzəldilənlərin sayı 157,939 nəfər olub (2023-cü ildə bu göstərici 118,398, 2024-cü ildə isə 160,034). Boş iş yerlərinin (vakansiyaların) 61,594-ə yüksəlməsi əmək bazarının dinamikliyini və iqtisadi fəallığın artdığını göstərir.”
Açıqlamada qeyd olunub ki, ömürboyu öyrənmə və karyeraya uyğunlaşma məsələləri də önəmli rol oynayır:
“Karyerasını dəyişənlərin 54%-i bilik və bacarıqlarını inkişaf etdirmək üçün kurs, təlim və seminarlarda iştirak etdiyini bildirib. Bu, yeni peşə tələblərinə uyğunlaşmanın əsas şərtidir.”
Dövlət Məşğulluq Agentliyi əmək bazarındakı dəyişiklikləri daim təhlil edir və peşə hazırlığı kurslarının ixtisas məzmununda uyğun dəyişikliklər edir:
“Bəzi ənənəvi sahələrin adları eyni qalsa belə, həmin sahələr üzrə yeni bilik və bacarıqlar tələb olunur. Bu tələb peşə hazırlığı təşkil olunarkən və təlim-tədris proqramı tərtib olunarkən nəzərə alınır. İkincisi, yeni-yeni peşə sahələri yaranır ki, bunlar ya tamamilə yeni yaranmış sahələr olur, ya da ənənəvi sahədən ayrılaraq yeni müstəqil sahə kimi formalaşır. Bu istiqamətdə peşə hazırlığı üzrə siyahıya 10-a yaxın yeni ixtisasın əlavə olunması üzrə işlər aparılır. Bu ixtisaslar yaşıl enerji və yaşıl texnologiyalar, süni intellekt, robotexnika və digər kompüter elmləri ilə bağlıdır.”
Agentlik həmçinin əmək bazarının transformasiyasını nəzərə alaraq yeni platformalar təşkil edir:
“Cari ilin 30 oktyabr tarixində ilk dəfə Naxçıvanda Gələcəyin Peşələri Sammitinin keçirilməsidir. Yaradılan bu platformada ölkəmizin, eləcə də Muxtar Respublikanın insan resurslarının idarə edilməsi üzrə tanınmış mütəxəssisləri, karyera təlimçiləri və inkişaf mentorları, təhsil və məşğulluq ekspertləri bir araya gələrək, ekosistemin müasir çağırışlarını müzakirə edərək, vəziyyətdən çıxış yollarını irəli sürüblər. Bu sammitin ikincisinin isə noyabr ayının 28-də Bakıda keçirilməsi nəzərdə tutulub.”
Beləliklə, Agentlik qeyd edib ki, hazırkı əmək bazarında müşahidə olunan dəyişikliklər və yeni peşə tələbləri məşğulluq səviyyəsinə həm kəmiyyət, həm də keyfiyyət baxımından müsbət təsir göstərir:
"Kəmiyyət baxımından məşğul əhali artır, keyfiyyət baxımından isə işçilər yumşaq bacarıqları və çevik öyrənmə qabiliyyətlərini inkişaf etdirərək yeni tələblərə uyğunlaşırlar. Bu tendensiya ölkənin iqtisadi davamlılığı və rəqabətqabiliyyətli insan kapitalının formalaşması üçün mühüm əsas yaradır.”
Fuad Mədətov
Finss.az

