Əmək bazarındakı sürətli dəyişikliklər işsizlik səviyyəsinə birbaşa təsir göstərir.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən (DOST Agentliyi) məlumat verilib.

Agetlikdən bildirilib ki, qlobal və yerli miqyasda baş verən transformasiya həm yeni imkanlar, həm də risklər yaradır:
“Əmək bazarındakı dəyişikliklər, təbii ki, işsizlik səviyyəsinə birbaşa təsir göstərir. Bu gün biz həm qlobal, həm də yerli miqyasda çox sürətli transformasiyanın şahidi oluruq. Rəqəmsallaşma, süni intellekt, avtomatlaşdırma kimi proseslər bir tərəfdən bir çox ənənəvi peşələrin sıradan çıxmasına səbəb olur, digər tərəfdən isə yeni peşələr yaradır. Məsələn, artıq data-analitika, rəqəmsal marketinq, proqramlaşdırma kimi bacarıqlara tələbat ciddi şəkildə artıb. Amma təbii ki, bu da o deməkdir ki, texnoloji hazırlığı zəif olan insanlar üçün işsizlik riski bir qədər yüksəlir.”
Agentlik vurğulayıb ki, dövlətin iqtisadi islahatları, məşğulluq siyasəti və təhsil sisteminin əmək bazarının tələblərinə uyğunluğu da məşğulluq səviyyəsinə təsir edən əsas amillərdir:
“Eyni zamanda, dövlətin həyata keçirdiyi iqtisadi islahatlar, məşğulluq siyasəti və təhsil sisteminin əmək bazarının tələblərinə uyğunluğu da məşğulluq səviyyəsinə təsir edən əsas amillərdəndir.”
DOST Mərkəzlərinin rolu bu kontekstdə xüsusilə əhəmiyyətlidir:
“Bu mənada DOST Mərkəzlərinin rolu çox vacibdir. Hazırda DOST Mərkəzləri vasitəsilə vətəndaşlara 15 müxtəlif xidmət təqdim olunur. Biz işsiz şəxslərin məşğulluq imkanlarını qiymətləndiririk, fərdi məşğulluq proqramları hazırlayırıq, onları peşə hazırlığı kurslarına və ya özünüməşğulluq proqramlarına yönləndiririk. Eyni zamanda peşəyönümü üzrə məsləhətlər verilir, iş yerlərinə göndərişlər təqdim olunur. Bütün bu xidmətlər bir məqsədə xidmət edir - vətəndaşlarımızın əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və onların dayanıqlı məşğulluğunu təmin etmək.”
DOST Mərkəzləri işsiz və iş axtaran vətəndaşlara təqdim edilən kompleks dəstək və təlim proqramları sayəsində əmək bazarında adaptasiya prosesini sürətləndirir və texnoloji transformasiyanın yaratdığı riskləri azaldır.
Fuad Mədətov
Finss.az
