Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və əhalinin tam məşğulluğunun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini həyata keçirir.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Agentlikdən verilən açıqlamaya görə, Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və əhalinin tam məşğulluğunun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini həyata keçirməkdədir:
"Agentliyin aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin məşğulluğunun təminatı və kiçik biznesə çıxışının dəstəklənməsidir.”
Agentlik vurğulayıb ki, gənclərin məşğulluq imkanlarının artırılması üçün bir sıra layihələr həyata keçirilir:
“Belə ki, gənclərin məşğulluq imkanlarının artırılması üçün layihələr həyata keçirilir, eyni zamanda aktiv məşğulluq tədbirlərinin icrası zamanı gənclərə də üstünlük verilir. Cari ilin ötən dövründə Agentlik tərəfindən 61 715 gənc münasib işlərlə təmin edilib, 2422 gəncə isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilərək onlar üçün kiçik bizneslər yaradılıb. Ümumilikdə isə bugünədək proqramdan yararlanmış gənclərin sayı 18 min 845 nəfər təşkil edir.”
Agentlik tərəfindən həyata keçirilən əsas layihələr aşağıdakılardır:
- “Kaşalata” Kafe və İnklüziv Yaradıcılıq Mərkəzi:
- “Burada autizmli gənclər və onların ailə üzvlərinin məşğulluğu təmin edilir. Hazırda hədəf qrupdan 10 nəfərin məşğulluğu təmin olunub.”
- “Gənclərin biznes emalatxanası” layihəsi:
- “Bu, peşə təhsili mərkəzlərindən məzun olmuş gənclərin məşğulluğunun təmin edilməsi layihəsidir. Burada 58 gəncin məşğulluğu təmin olunub. Layihədə gənclər peşə təhsili almaqla, real təcrübəyə cəlb olunurlar və biznesə başlamaları üçün zəruri avadanlıqlarla təmin edilirlər.”
- “Səyyar kofe evləri” layihəsi:
- “Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan bu layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 20 nəfər (onlardan 9 nəfəri gəncdir) barista sahəsində çalışmaq istəyən işsiz şəxsə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim edilib.”
- “Səyyar kofe evləri regionlarda” layihəsi:
- “Bu da özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihədir. Laçın, Şamaxı, Qəbələ, Gəncə, Quba, Şəki, Göygöl, Şəmkir, Şuşa və Xocalı rayonları üzrə ümumilikdə 12 nəfərə (onlardan 9 nəfəri gəncdir) müvafiq aktivlər təqdim edilib.”
- “İrəliləyiş” layihəsi:
- “Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə həyata keçirilən bu layihə çərçivəsində dövlət və özəl müəssisələrdə beynəlxalq normalara uyğun təcrübənin formalaşması və yüksək potensiallı gənclərin karyera bacarıqlarının inkişaf etdirilməsi üçün onların təcrübə proqramlarında iştirakları təmin edilib. Bu layihə iş təcrübəsi olmayan və bu səbəbdən işə düzəlməkdən çətinlik çəkən gənclərə ilk iş təcrübəsinin əldə olunmasında dəstək göstərir. 1405 nəfər bu layihəyə cəlb olunub.”
- “Biznesini yarat” layihəsi:
- “52 nəfər benefisiardan 42 nəfəri gənc olan bu layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına özünüməşğulluq proqramı vasitəsilə dəstək göstərmək olub.”
Bundan əlavə, agentlik gənclərin bilik və bacarıqlarının inkişafı üçün müxtəlif tədbirlər təşkil edir:
“Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, ‘Alo karyera’ dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.”
Fuad Mədətov
Finss.az
