Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub.
Finss.az xəbər verir ki, bu barədə təklifi deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında səsləndirib.
Deputat bildirib ki, pensiyaların artırılması üçün bir sıra maliyyə mənbələri mövcuddur:“Əsas mənbələrdən biri ümumi daxili məhsulda (ÜDM) əməyin ödənişi üzrə xərclərdir. Təhlillər göstərir ki, bu xərclərin ÜDM-də payı Azərbaycanda uzun müddət 20 faizdən aşağı səviyyədə olub. Bu göstərici MDB ölkələrinin orta səviyyəsindən təxminən iki dəfə azdır. Son illərdə bu istiqamətdə müəyyən müsbət dəyişikliklər müşahidə olunur.”
Ə.Məsimli əlavə edib ki, vətəndaşlar pensiyaya çıxma şərtləri ilə bağlı çoxsaylı suallar ünvanlayırlar və bu sahədə son illərdə bir sıra pozitiv addımlar atılıb:“Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi tədricən genişlənir.”
Deputat xatırladıb ki, hazırda 5 və daha çox uşağı olan analara 5 il tez pensiyaya çıxmaq imkanı verilir. Lakin bu halların nadir olduğunu qeyd edən Ə.Məsimli vurğulayıb:“Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələri üçün də bu güzəştin tətbiqi istiqamətində qanunvericilikdə dəyişikliklər edilsin.”
