SOSİUM

08 Sentyabr

Kommunal xərclərə qənaət: Rasional istehlak vərdişləri qənaəti artırır – Əhməd Rəhmanov

Azərbaycanda kommunal xərclərin azaldılması mövzusu vətəndaşların gündəlik həyatında mühüm yer tutur. İstər dövlət dəstəyi, istərsə də ailədaxili davranış dəyişiklikləri bu sahədə qənaət imkanlarını artırır.

Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Finss.az-a açıqlamasında bildirib:

"İlk növbədə kommunal xərclərin azaldılması məsələsinə baxaq. Bunun üçün, ilk addım dövlətin vətəndaş üzərindəki maliyyə yükünü azaltmasıdır. Azərbaycanda əmək haqları real bazar qiymətləri ilə uzlaşmır. Müəllim, həkim, mühasib, elmi işçi kimi dövlət strukturlarında çalışanların maaşları çox aşağıdır. Nəticədə, ailə üzvləri daha çox işləməyə məcbur qalır, bu isə onların evdəki gündəlik işlərə ayırdığı vaxtı azaldır. Yemək bişirmək, paltar yumaq kimi işlər üçün kifayət qədər vaxt qalmadığından vətəndaşlar məcbur olur ki, elektriklə işləyən cihazlardan daha çox istifadə etsinlər. Bu isə kommunal xərclərin artmasına səbəb olur.

İkinci məsələ isə vətəndaşların istehlak vərdişləridir. Bəzən insanlar real ehtiyacdan çox, lovğalıq üçün məişət texnikası alırlar. Avropa ölkələrində qabyuyan və ya paltaryuyan maşın hər evdə olmur, insanlar əllə yumağa üstünlük verirlər. Bizdə isə bəzən ayda bir dəfə istifadə olunacaq cihaz alınır və əlavə enerji sərfiyyatına səbəb olur. Halbuki bu işləri daha sadə üsulla, daha az enerji xərcləyərək görmək mümkündür.

Əsas məsələ dövlətin üzərinə düşür. Dövlət vətəndaşın sosial yükünü azaltmalıdır. Əməkhaqqı aşağı olduğuna görə insanlar günün böyük hissəsini işdə keçirir, bu isə ailə problemlərinə gətirib çıxarır. Sosial gərginlik, ailədaxili münaqişələr, valideynlərin uşaqlara az vaxt ayırması kimi nəticələr yaranır."

Ekspertin fikirlərindən görünür ki, kommunal xərclərə qənaət yalnız ailədaxili davranışlardan asılı deyil. Burada həm dövlətin sosial siyasəti, həm də vətəndaşların istehlak mədəniyyəti mühüm rol oynayır.

Nikbin yanaşma isə odur ki, əməkhaqlarının mərhələli şəkildə artırılması, sosial dəstəyin gücləndirilməsi və vətəndaşların daha rasional seçimlər etməsi gələcəkdə kommunal xərclərin azalmasına şərait yarada bilər. Bu da ailələrin daha balanslı və rahat həyat sürməsinə imkan verəcək.

Fuad Mədətov
Finss.az