SOSİUM

28 İyul

Ev almaq istəyənlər üçün şad xəbər: İKZF-nin nizamnamə kapitalı artırıldı - Vüqar Bayramov

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsait hesabına mümkün olub.

Finss.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər il Fondun nizamnamə kapitalının artırılması ilə bağlı fərman imzalayır. Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilir:

“Hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılan vəsait həmin ilin payız aylarında Fondun nizamnamə kapitalına əlavə olunur. Bu da ipoteka kreditlərinin həcminin artırılmasına və güzəştli şərtlərlə kredit portfelinin genişlənməsinə imkan verir. Nəticədə daha çox vətəndaş ev sahibi olmaq üçün güzəştli ipoteka krediti əldə edə bilir”.

Vüqar Bayramov həmçinin bildirib ki, bu günə qədər Fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş kreditlərin ümumi məbləği isə 3 milyard 560 milyon manatı ötüb.

Fuad Mədətov
Finss.az