Finss.az - 25-27 iyun tarixlərində ölkə üzrə 52 mərkəzdə keçirilmiş lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Təhsil İnstitutunun məlumatına görə, imtahana 29 375 şagird qeydiyyatdan keçib, onlardan 26 619-u iştirak edib.
İmtahan zamanı müəyyən qayda pozuntuları aşkar olunub, pozuntular aktlaşdırılıb və pozuntu edən şagirdlərin nəticələri ləğv edilib. Əlavə təhlillər nəticəsində təxminən 200 şagirdin nəticəsinin yenidən araşdırılmasına qərar verilib. Bu məqsədlə Təhsil İnstitutunda xüsusi komissiya yaradılıb və araşdırma şagird və valideynlərin iştirakı ilə aparılacaq.
Təhsil Nazirliyi qeyd edir ki, araşdırmanın əsas məqsədi imtahan prosesinin şəffaflığını təmin etmək və bütün iştirakçıların hüquqlarını qorumaqdır. Nəticələrlə bağlı şikayətlər 3 iş günü ərzində [email protected] ünvanına göndərilə bilər.