SOSİUM

11 İyul

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi başlayır

Finss.az - 2025–2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilir.

Məlumata görə, 18 iyul 2025-ci il, saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə, 25 iyul 2025-ci il, saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə valideynlər elektron qaydada növbə yarada biləcəklər.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Valideynlər www.bq.edu.az saytına daxil olmaqla elektron kabinet yaradaraq 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçə biləcəklər. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi minimum 5 gün sonra baş tutacaq. Sorğu təsdiqləndikdən sonra valideyn və ya qanuni nümayəndə 7 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks halda sorğu ləğv olunacaq və növbə üzrə digər uşağın qəbulu həyata keçiriləcək.

Bu proses məktəbəqədər təhsil sistemində şəffaflıq və vətəndaş rahatlığı üçün nəzərdə tutulub.