SOSİUM

30 İyun

5 şəhərdə ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyətə başladı

Finss.az - Bu günlərdə Respublikanın Bakı, Gəncə, Sumqayıt, Qazax və Xaçmaz şəhər və rayonlarında ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb.

Bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qurumun 5 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Sədr bildirib ki, layihə çərçivəsində ümumilikdə 150 ahıla sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bu mərkəzlərdə ahılların gündəlik ehtiyacları, psixososial dəstək və sosial aktivliklərinin təmin edilməsi məqsədilə müxtəlif xidmətlər təqdim olunur.

Vüqar Behbudov əlavə edib ki, gələn aydan etibarən əlilliyi müəyyən edilmiş uşaqlar üçün də sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək:
“Respublikanın müxtəlif şəhər və rayonlarında 20-yə yaxın belə mərkəzin yaradılması planlaşdırılıb. Bu mərkəzlərdə uşaqlara reabilitasiya xidmətləri, sosial adaptasiya və cəmiyyətə inteqrasiya yönümlü dəstək göstəriləcək”.

Onun sözlərinə görə, növbəti illərdə sosial sifarişlər çərçivəsində həm ahıllar, həm də əlilliyi olan şəxslər üçün mərkəzlərin sayının artırılması nəzərdə tutulur:
“Hazırda 30 olan mərkəz sayı 45-ə çatdırılacaq. Həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası məqsədilə innovativ proqramlar və elektron resursların yaradılması da qarşıya qoyulan əsas hədəflərdəndir”.