Finss.az - Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində son illər ərzində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bu sahənin inkişafına dəstək məqsədilə 2017-ci il 27 noyabr tarixində dövlət başçısının imzaladığı sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” icra olunur.
Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkənin bir çox bölgəsində olduğu kimi, Qazax rayonunda da baramaçılığın əvvəlki şöhrəti bərpa olunmaqda davam edir. Rayon üzrə müasir ipəkçilik infrastrukturu qurulur, yeni tut bağları salınır və kümçülərə dəstək tədbirləri həyata keçirilir.
Bu il Qazaxda ipəkqurdu bəslənilməsi üzrə ardıcıl olaraq onuncu mövsüm keçirilib. Barama mövsümünə mayın 5-dən start verilib və Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 30 qutu ipəkqurdu toxumu Qazax Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən kümçülərə paylanılıb.
İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər və Cəfərli kəndlərində fəaliyyət göstərən kümçülərin ümumilikdə 1200 kiloqram yaş barama istehsal etməsi planlaşdırılmışdı.
İyunun 10-dan etibarən barama tədarükünə başlanılıb və artıq bu proses uğurla başa çatdırılıb. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən ümumilikdə 1455,8 kiloqram yaş barama “Azəripək” MMC-yə təhvil verilib. Beləliklə, müəyyən edilmiş plan 255 kiloqramdan çox artıqlama ilə yerinə yetirilib.
Mərkəzdə baramanın təhvil verilməsi üçün lazım olan bütün şərait təmin olunub və kümçülərə lazımi dəstək göstərilib.