Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 26,277.6 milyon manat təşkil edib.
Bu, hər nəfərə orta hesabla 2568,4 manat gəlir deməkdir. Əhalinin sərəncamında qalan gəlirlər isə 22,748.6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin yanvar-mart aylarında 10 faiz artaraq 1083,8 manat səviyyəsinə çatıb. Əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat, qeyri-neft sektorunda isə 1025,7 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin orta əməkhaqqı 1053,1 manat, özəl sektorda isə 1115,6 manat təşkil edib.
Sektorlar üzrə əməkhaqqı fərqlilikləri diqqət çəkir. Mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 3961,2 manat, maliyyə və sığorta fəaliyyətində 2630, informasiya və rabitə sahəsində isə 1961,5 manat olub. Nəqliyyat və anbar təsərrüfatı sahəsində əməkhaqqı 1604,2 manat səviyyəsində qeydə alınıb.
Bank sektorunda isə əhalinin əmanətləri artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin aprel ayının 1-nə banklarda yerləşdirilən əmanətlər 14,6 faiz artaraq 15,074 milyon manata çatıb. Əmanətlərin 66,9 faizi milli, 33,1 faizi isə xarici valyutada yerləşdirilib. Milli valyutada əmanətlər 18,3 faiz, xarici valyutada olanlar isə 7,9 faiz artıb.
Milli valyutanın xarici valyutalara nisbətdə məzənnəsi aprel ayında sabit qalıb. 1 ABŞ dolları 1,70 manat, 1 Avro 1,91 manat səviyyəsindədir.