Finss.az - Avstraliya, İtaliya və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu Marsda mühüm bir kəşfə imza atıb.
Alimlər Qırmızı Planetin 5,4–8 kilometr dərinliyində maye halında su anbarı müəyyən ediblər. Bu, Marsda maye suyun mövcudluğuna dair ilk elmi cəhətdən təsdiqlənmiş tapıntıdır.
Əvvəlki illərdə də planetin dərin qatlarında göl ola biləcəyinə dair bir sıra sensasiyalı xəbərlər yayılmışdı. Lakin bu məlumatlar əsasən ehtimal xarakteri daşıyırdı və tədqiqatçılar öz nəticələrinə ehtiyatla yanaşırdı. Bu dəfə isə elm adamları açıq şəkildə bildirirlər ki, əldə olunan nəticələrin doğruluğuna tam əmindirlər.
Kəşf, 2018-ci ildən Mars səthində fəaliyyət göstərən NASA-nın InSight missiyası çərçivəsində qeydə alınan seysmik məlumatların təhlili nəticəsində mümkün olub. İki meteoritin toqquşması və bir güclü marstərpəmə zamanı yaranan seysmik dalğalar planetin dərinliklərini araşdırmaq imkanı yaradıb. Ən son riyazi modellərdən istifadə edilərək aparılan analiz nəticəsində Marsın dərin qatlarında maye suyun mövcudluğu ortaya çıxıb.
Alimlərin ehtimalına görə, 4,1–3,7 milyard il əvvəl Marsın səthinə çırpılan meteoritlər nəticəsində yaranan çatlar vasitəsilə su dərin qatlara sızıb. Planetin daxili istiliyi həmin suyun 8 kilometrədək enməsinə imkan verib. Zamanla Mars soyuyaraq buzla örtülüb və bu yeraltı su anbarı buzlaqların altında qorunub.
Yeni tapıntının inkarçıları inandırıb-inandırmayacağı hələ bəlli deyil. Lakin elm adamları ümid edirlər ki, bu nəticələr yaxın gələcəkdə ExoMars kimi daha inkişaf etmiş seysmik avadanlıqlarla təchiz olunmuş missiyalarla dəqiqləşdiriləcək.