SOSİUM

02 May

Yeni dövlət proqramı ilə qida təhlükəsizliyi gücləndiriləcək

Finss.az - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev, Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üçün yeni dövlət proqramının hazırlandığını açıqlayıb.

Balarəhim Quliyev bildirib ki, artıq 2019-2025-ci illəri əhatə edən 1-ci dövlət proqramının icrası başa çatmaq üzrədir və bu proqramın icrası çox uğurla yekunlaşacaq. Onun sözlərinə görə, ikinci dövlət proqramının layihəsi yaxın zamanlarda ölkə ictimaiyyətinin, sahibkarların və Milli Məclisin deputatlarının müzakirəsinə təqdim ediləcək.

AQTA rəsmisi əlavə edib ki, heyvan və bitki sağlamlığı haqqında yeni qanunlar hazırlanır, eləcə də bu qanunlardan irəli gələn bir çox normativ hüquqi və texniki sənədlər üzərində işlər aparılır. Bu addımlar, ölkədə qida təhlükəsizliyinin daha da gücləndirilməsi və aqrar sahədəki problemlərin həllinə yönələn mühüm tələblərdən biridir.

Yeni proqramın icrası ilə Azərbaycanda qida təhlükəsizliyi sahəsində ciddi inkişafın gözlənildiyi vurğulanıb.