SOSİUM

22 Mart

Övladlığa götürmə ilə bağlı 304 müraciət daxil olub, 149-na imtina verilib

Hesabat dövründə övladlığagötürmə ilə bağlı 304 müraciət daxil olub, 149 müraciətə müxtəlif mərhələlərdə imtina verilib.

 

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü ildə 165 uşaq (81 oğlan və 84 qız) övladlığa verilib. Övladlığa götürülmüş uşaqlardan 35 uşaq müəssisədən, 80 uşaq qohumları tərəfindən, 41 uşaq ögey valideyn tərəfindən, 8 uşaq valideynlərarası razılıq əsasında, 1 uşaq əcnəbilər tərəfindən övladlığa götürülən uşaq olub.

23 sosial xidmət müəssisəsində (17-si dövlət və 6-sı özəl müəssisə) 778-i oğlan və 535-i isə qız olmaqla, 1313 valideyn himayəsindən məhrum olmuş uşaq məskunlaşıb. Onlardan 966-sı sağlam, 249-u 18 yaşınadək əlilliyi müəyyən edilmiş, 98-i isə səhhətində problem olan uşaqdır. Hesabat dövründə valideyn himayəsindən məhrum olmuş 268 uşaq (133 qız və 135 oğlan) uçota alınıb.

Reinteqrasiya tədbirləri nəticəsində hesabat ilində 216 uşaq ailələrinə qaytarılıb.

2024-cü ildə 271 uşaq müəssisəyə yerləşdirilib, 301 uşaq müəssisəni tərk edib, 182 uşağın isə müəssisəyə düşməsinin qarşısı alınaraq ailə himayəsində qalması məqsədəuyğun hesab edilib. 2024-cü il ərzində 30 uşaq himayədar ailə yanına yerləşdirilib.