Finss.az - Azərbaycanda yeni sosial paketin icrasına başlanıb və bu, 3 milyondan çox vətəndaşı əhatə edəcək.
Bu barədə Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında deputat Vüqar Bayramov məlumat verib.
Bayramov qeyd edib ki, sosial islahatlara kölgə salmağa çalışan marjinal siyasi qruplara baxmayaraq, ölkədə əhəmiyyətli artımlar baş verib. 2018-ci ildən etibarən minimum aylıq əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfə artırılıb. Həmçinin, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım müşahidə olunub. 2025-ci il üçün əlavə 1,5 milyard manat ayrılacaq ki, bu da sosial paketlərin gücləndirilməsini təmin edəcək.
Deputat bildirib ki, fevraldan etibarən minimum pensiya 14,3% artaraq 320 manata çatdırılıb. Sosial paket yalnız maaş və pensiya artımlarını deyil, həmçinin sosial müavinət və təqaüd artımlarını da əhatə edəcək.
Prezident İlham Əliyev tərəfindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti artıq bu istiqamətdə təkliflər hazırlayır.
Zemfira Ms
Finss.az