SOSİUM

22 Yanvar

Sosial gündəm: Azərbaycanın BVF ilə məsləhətləşmələri, Yeni “e-mühasibat” sistemi və Təlim yekunları: Gəmi təmiri üzrə nailiyyətlər

Yanvarın 22-də maliyyə nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri üzrə missiyasının üzvləri ilə görüşüb.

Maliyyə Nazirliyindən Finss.az-a verilən məlumata görə, görüş zamanı IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri və bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub.

Bildirilib ki, A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun sabit artımı, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar və əldə olunan nəticələrlə bağlı geniş məlumat verib, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımları qeyd edib.

BVF-nin Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri xanım Anna Bordon bildirib ki, 2025-ci il üzrə IV Maddə məsləhətləşməsinin əsas diqqət mərkəzində iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır.

22 yanvar - 5 fevral 2025-ci il tarixlərini əhatə edəcək missiyanın səfəri zamanı makroiqtisadi yeniliklər və perspektivlər, neft-qaz hasilatı və dekarbonizasiya təşəbbüsləri, həmçinin iqlim dəyişikliyi üzrə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı hökumətin iqtisadi blokuna daxil olan qurumlarda müzakirələrin aparılması nəzərdə tutulur.

* * *

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq.

Finss.az xəbər verir ki, bu məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirə edilən “Mühasibat uçotu haqqında” qanuna təklif edilərək dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

- mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

* * *

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirmək, onların əmək fəaliyyətini dövrün yeni çağırışları ilə uzlaşdırmaq üçün təşkil etdiyi “Liderliyin İnkişafı Proqramı "nı yekunlaşdırıb. Bu münasibətlə ADA Universitetində proqramın bağlanış mərasimi keçirilib, 86 iştirakçıya sertifikatları təqdim edilib.

Tədbirdə ADA Universitetindən Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər.

Dövlət Vergi Xidmətindən rəis müavinləri Emil Qarayev və İlkin Vəliyev, həmçinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova fikirlərini bölüşüblər.

Çıxışçılar peşəkar mühitdə ortaya çıxan yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar və bunların fonunda təhsilin önəminə diqqət çəkiblər.

İctimai quruların, xüsusilə də DVX-nin insan resurslarının inkişafına verdiyi önəm, mövcud idarəetmə sisteminin daim təkmilləşdirilməsi istiqamətində atdığı addımlar müsbət hal kimi qiymətləndirilib.

Tədbir zamanı DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciəti təqdim edilib. Müraciətdə proqramın Dövlət Vergi Xidmətinin fəaliyyətinin effektiv təşkilinə verdiyi faydaları sadalanıb.

Daha sonra proqram iştirakçıları qismində Elçin Bəylərov, Səbinə Mirzəyeva, Toğrul Quliyev və Elxan Quliyev təəssüratlarını bölüşərək proqramın insan kapitalının inkişafında yeni təcrübələr, səriştələr və müasir yanaşmalar aşıladığını vurğulayıblar.

Tədbir zamanı proqamı tədris edən təlimçilərdən ADA Universiteti Fondunun Prezidenti Natiq Hacıyev və Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov peşəkar kadr potensialının gücləndirilmsində müasir bacarıqların əhəmiyyətinə toxunaraq, bu bacarıqların ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsirindən bəhs ediblər.

Qeyd edək ki, ötən ildən etibarən həyata keçirilən proqram 5 modul üzrə dövlət və özəl sektoru təmsil edən onadək təcrübəli ekspertlər tərəfindən tədris edilib. Həmin modullar liderlik bacarıqlarının inkişafı, komandanın səmərəli idarə edilməsi, konstruktiv rəy vermə və rəy alma, strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi kimi aktual mövzuları əhatə edib.

* * *

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 2024-cü il ərzində ümumilikdə 1088 gəmi təmiri üzrə iş icra olunub.

Finss.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bildirilib ki, təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla 899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb.

2024-cü ildə təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub.

Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4707 gəmi təmiri işi yerinə yetirilib. Bu dövrdə təmir edilən gəmilərdən 195-i kənar təşkilatlara məxsus olub.