Finss.az - Yanvarın 22-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyasının ilk iclası keçirilib.
İclası açan komitə sədri Hicran Hüseynova, gündəliyə daxil edilən 3 məsələdən birincisi olaraq, 2024-cü ilin payız sessiyasında komitənin gördüyü işlərin hesabatını təqdim edib. Hesabata görə, ötən sessiya ərzində komitə 11 iclas keçirib, 20 məsələyə baxılıb, 6 qanun layihəsi üç oxunuşda, bir qanun isə bir oxunuşda qəbul edilib. Komitə həmçinin xaricdə və parlamentdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib və 350-dən çox ərizə və sənədə baxılıb.
2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsləri, ailə institutunun möhkəmləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Komitə sədri, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təklifini təqdim edib. Dəyişikliklə, bu uşaqlara verilən birdəfəlik pul vəsaitinin məbləği müəyyənləşdiriləcək və mövsümi geyimlərin qiymətləri ilə uyğunlaşacaq.
İclasda komitə üzvləri müxtəlif təkliflər irəli sürüb və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev suallara cavab verib. İclasda həmçinin, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib və qanun layihəsi birinci oxunuşda plenar iclasda müzakirəyə tövsiyə olunub.
Zemfira Ms
Finss.az