SOSİUM

22 Yanvar

Deputat: Pensiya artımı digər müavinətin də artmasına səbəb olacaq

Finss.az - Fevral ayında minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldiləcək. Bu, aşağı pensiyalarda 14.3% artım deməkdir və dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bu barədə sosial media hesabında yazıb. O qeyd edib ki, dəfn üçün müavinət dövlət qulluqçularına və müəyyən müavinət alan şəxslərə ödənilir. Mövcud qanunvericiliyə əsasən, sığortaolunan şəxs vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə minimum pensiyanın üç misli məbləğində müavinət verilir.

Beləliklə, fevral ayından etibarən əmək pensiyaçılarının dəfn müavinəti 840 manatdan 960 manata yüksələcək. Vüqar Bayramov əlavə edib ki, bu müavinətin daha da artırılması məsələsi də müzakirə olunur və fiskal gəlirlərə uyğun olaraq artımlar həyata keçirilir.

Zemfira Ms
Finss.az