SOSİUM

21 Yanvar

Sosial gündəm:Əlilliyi olan şəxslər üçün yeni güzəştlər və inkişaf edilən infrastruktur layihələri

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Finss.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün

- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;

- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;

- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;

- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;

- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;

- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

* * *

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq.

Finss.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək. Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

* * *

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işləri ətrafda yaşayan vətəndaşların istirahətinə maneə yaradılmadan gündüz və sutkanın qaranlıq saatlarında aparılır.

Bu barədə Finss.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tərtib olunmuş qrafikə uyğun tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21,6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.

Aparılan işlər çərçivəsində mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilib.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub.