SOSİUM

21 Yanvar

Azərbaycanda əlilliyi olan şəxslərin gəlirləri vergidən azad edilir

Finss.az - Azərbaycanda əlilliyi olan şəxslərin elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqına cəlb olunmayacaq.

Bu dəyişiklik "Sosial sığorta haqqında" qanuna təklif olunub və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilib.

Vergi Məcəlləsinə ediləcək dəyişikliklə, əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% vergi tutulacaq. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, bu dəyişikliklər əlilliyi olan şəxslərin vergi inzibatçılığını sadələşdirmək və onların özünüməşğulluq təşəbbüslərini dəstəkləmək məqsədi daşıyır.

Layihəyə əsasən, əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq. Bu portaldan qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyat və vergi hesabatları tərtib etmə işlərindən azad ediləcək, bu işlər portal vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dəyişikliyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlərdən vergilər çıxıldıqdan sonra, məbləğ birbaşa əlilliyi olan şəxsin bank hesabına köçürüləcək. Layihədə yeni vergilər müəyyən olunmur, mövcud vergi rejimləri tətbiq olunacaq.

Zemfira Ms
Finss.az