SOSİUM

10 Yanvar

Bakıda 35 km velosiped yolu və yeni parklanma məntəqələri

Finss.az - Mikromobillik sahəsində qanunvericilik təkmilləşdirilib, kiçik elektrik nəqliyyat vasitəsi və operator anlayışları qanunvericiliyə daxil edilib, bu sahədə nəzarət tədbirləri gücləndirilib. Bakı şəhərində 31 küçə və prospekt üzrə 35 km velosiped yolları yaradılıb və mərhələli şəkildə təxminən 100 km-ə çatdırılması planlaşdırılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında verdiyi məlumata görə, 300 parklanma məntəqəsi müəyyənləşdirilib, 100-dən artıq məntəqədə müvafiq nişanlanma işləri aparılıb. İşıqforlarda 25 ədəd velosiped bölməsi quraşdırılıb.

Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4,760 ədəd təşkil edir. Bunların 77%-i kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18%-i velosiped, 5%-i isə elektrik velosipedidir.

Sentyabr-dekabr ayları arasında mikromobillik operatorları tərəfindən 850,944 sifariş qəbul edilib və 2,244,302 km məsafə qət edilib. 2024-cü ilin avqust ayında istifadəyə verilən "Apar" xidməti və mobil tətbiqi ilə 215,800 km məsafə qət edilmişdir. Velosipedlər üçün 70 parklanma məntəqəsi təşkil edilib və "Apar" xidməti üzrə istifadəçi sayı 46,000 nəfərə çatıb.