Finss.az - Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği fevral ayından etibarən 280 manatdan 320 manata çatdırılacaq. Bu artım pensiya alan bütün vətəndaşlara şamil olunacaq.
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi də yanvarın 1-dən hesablanacaq və bu proses təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Bunun üçün əlavə olaraq yarım milyard manat vəsait ayrılması gözlənilir.
Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğun indeksasiya olunur. Rəsmi göstəricilər fevralın əvvəlində elan edildikdən sonra artımlar tətbiq ediləcək və yanvar ayı üçün hesablanmış artımlar da fevral ayının pensiyalarına əlavə olunacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara şamil ediləcək. Beləliklə, pensiyaçılar gələn aydan etibarən artırılmış məbləğləri alacaqlar.