Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-dan etibarən söküləcək.
Finss.az, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 1970-ci illərdə inşa edilmiş körpü qəzalı vəziyyətdədir. Mütəxəssislərin apardığı müayinə və sınaqlar nəticəsində konstruksiyanın yükgötürmə qabiliyyətinin aşağı düşdüyü müəyyən edilib. Məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirə edilərək, yeni körpünün inşası qərarı qəbul olunub.
Tikinti işləri zamanı avtomobil yolunun bağlanması və hərəkətin dayandırılması planlaşdırılır. Əraziyə aid 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Yeni Marşrutlar:
- 16/19, 17, 18, 27: Sumqayıt (Tunel) - Ayna Sultanova küçəsi - Hacıbaba Səmədov küçəsi.
- 503: Saray qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi.
- 521: Saray qəsəbəsi - Novxanı qəsəbəsi.
- 523: Saray qəsəbəsi - Xırdalan şəhəri.
- 522: Saray qəsəbəsi - Koroğlu küçəsi (Sumqayıt).
- 505: Sumqayıtdan Xırdalana birbaşa gediş üçün Koroğlu küçəsindən başlayacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Nəqliyyatı Əlaqələndirmə Şurası Nazirlər Kabineti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə bu prosesi koordinasiya edir.