Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu dünya səhiyyə ictimaiyyətini ciddi şəkildə narahat edən yeni bir təhlükə kimi ortaya çıxıb. Virusun sürətlə yayılması nəticəsində Burundi, Keniya, Ruanda və Uqanda kimi ölkələr də bu təhlükə ilə üz-üzə qalıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), vəziyyətin ciddiyyətini nəzərə alaraq, son iki il ərzində ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməyə məcbur olub. Bu addım, virusun daha geniş yayılmasının qarşısını almaq və qlobal sağlamlığı qorumaq məqsədilə atılan vacib bir tədbir kimi qiymətləndirilir.
Bu vəziyyətin inkişafı və ona qarşı alınan tədbirlər, beynəlxalq səviyyədə sağlamlıq sistemlərinin hazırlıqlı və uyğunluq vəziyyəti baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin meymun çiçəyi virusu nədir, nə dərəcədə risklidir və ölkəmizdə bu virusun yayılma riski nə qədərdir?
Cərrah, tibb elmləri doktoru və professor Adil Qeybulla News24.az-a verdiyi açıqlamada, meymun çiçəyi virusunun ilk dəfə meymunlarda rast gəlinməsi səbəbindən bu adı aldığını bildirib: “Əslində, bu virus çiçək virusları qrupuna aiddir və ilk dəfə 70-ci illərdə insanlara transfer edildiyi müşahidə olunub. Lakin son günlər bu virusun mutasiyaya uğramış variantının sürətlə yayılması ÜST-nin narahatlığına səbəb olub. Koronavirus pandemiyası göstərdi ki, belə intensiv epidemik ocaqlar xüsusi ictimai səhiyyə fövqəladə halları kimi dəyərləndirilməlidir ki, bütün imkanlar mobilizə olunsun və proses yerində lokallaşdırılsın.”
Professor Qeybulla vurğulayıb ki, meymun çiçəyi virusu təbii çiçək vaksinləri ilə müalicə olunur. Onun sözlərinə görə, virusun geniş yayıldığı ərazilərdə karantin rejiminin tətbiqi mütləqdir: “Həmin ərazilərə giriş-çıxış qadağan edilməlidir. Epidemiyanın yayıla biləcəyini düşünürəm, lakin qlobal pandemiya ehtimalı azdır. Koronavirus pandemiyası göstərdi ki, biz hər hansı bir xəstəliyə hazırlıqlı olmalıyıq, çünki virusların necə yayılacağı və hansı xəstəliklər yarada biləcəyi bilinmir. Misal üçün, hava damacı yolu ilə bulaşan infeksiyaların daha geniş ərazidə yayılma ehtimalı yüksəkdir.”
Adil Qeybulla əlavə edib ki, hər kəs diqqətli olmalı və maarifləndirmə işləri artırılmalıdır ki, insanlar hansı hallarda həkimə müraciət etməli olduqlarını bilsinlər. Hər bir virusa ciddi yanaşmaq vacibdir.