Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Salyan şosesində təmir işləri davam etdirilir.
Finss.az Dövlət Agentliyindən daxil olan məlumata istinadən xəbər verir ki, şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri ilə bu problem aradan qaldırılır.
Aparılan işlər çərçivəsində artıq yolun köhnə Salyan şosesi hissəsində 700 metrlik, yeni Salyan şosesi hissəsində isə 2030 metr uzunluğa malik ərazidə təmir işləri icra olunub.
Hazırda isə təmir işləri Salyan şosesinin təqribən 1640 metr uzunluğa malik olan hissəsində aparılır.
Bu ərazi üzrə 24 min kv.metrə yaxın asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca ərazidə asfaltlanma işlərinin icrası nəzərdə tutulur.
Ümumilikdə təmir işləri sözügedən şosenin Lökbatan dairəsi olan hissəsinədək davam etdiriləcək.
Qeyd edək ki, ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən məhdudlaşdırılır.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Zemfira Ms
Finss.az