SOSİUM

06 Avqust

Pensiya məbləğlərinin artımı: 2025-ci ildə indeksasiya imkanları

Son dövrlərdə mediada geniş müzakirə olunan mövzulardan biri də 2025-ci ildə pensiyaların artımıdır. Qiymət artımları bu mövzunu daha da aktuallaşdırıb və müxtəlif rəqəmlər gündəmə gəlir.

Finss.az xəbər verir ki,  pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi ilə həyata keçirilir. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki ilin orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq indeksləşdirilir. Başqa sözlə, əvvəlki ildə ölkədə orta aylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da həmin artıma uyğun artırılır. Bu proses ölkə başçısının müvafiq sərəncamı ilə həyata keçirilir.

2024-cü il hələ yekunlaşmadığı üçün orta aylıq əməkhaqqının illik artım göstəricisi məlum deyil. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, əməkhaqlarındakı artımlar əsasən ilin əvvəlində baş verdiyindən, statistik göstəricilər də bu dövrdə formalaşır. Sonrakı dövrlər isə illik nəticəyə əhəmiyyətli təsir etmir.

Məsələn, 2023-cü ilin yanvar-may aylarında ölkə üzrə orta aylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz, yanvar-dekabr aylarında isə 11,2 faiz artıb. Beləliklə, 2023-cü ilin 5 ayı ilə 12 ayı arasında yalnız 0,1 faiz fərq olub.

2024-cü ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının artımı 9,4 faiz təşkil edib. Bu baxımdan, yanvar-dekabr aylarında artımın da bu göstəriciyə yaxın olacağı gözlənilir. Nəticə etibarilə, əmək pensiyalarının gələn il 9-10 faiz aralığında indeksləşdiriləcəyi ehtimal olunur.

Cari ildə orta aylıq əməkhaqqı 10 faiz artarsa, hazırda 300 manat pensiya alan şəxsin pensiya məbləği 2025-ci ildə 30 manat artaraq 330 manata yüksələcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğləri də eyni qaydada artacaq.

2024-cü ildə inflyasiyanın 2,7 faiz olacağı proqnozlaşdırılır, bu da pensiyaların artımının inflyasiyanı bir neçə dəfə üstələyəcəyini göstərir.

Pensiyaların məbləğinə təsir edən digər bir faktor minimum pensiya məbləğidir. Minimum pensiya məbləği əmək pensiyalarının bu göstəricidən az olmamasını təmin edir. Minimum pensiya məbləği sonuncu dəfə 2023-cü ilin fevralında artırılıb və 280 manata çatdırılıb. Minimum məbləğ “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməklə artırılır. Lakin yaxın zamanda minimum pensiya məbləğinin artırılması barədə məlumat yoxdur.