SOSİUM

06 Avqust

İstanbulda “Ədalət və beynəlxalq hüquq” müzakirə edildi

İstanbul Boğaziçi Universitetində keçirilən konfransda “Ədalət və beynəlxalq hüquq” mövzusu müzakirə edilib.

Finss.az xəbər verir ki, Türkiyə Radio və Televiziya Qurumu – TRT-nun Qlobal Kommunikasiya Partnyoru olduğu İstanbulda Boğaziçi Universiteti Hüquq Fakültəsi tərəfindən təşkil edilən "Qəzzadan sonra beynəlxalq hüququ yenidən düşünmək" konfransında "Ədalət və beynəlxalq hüquq" sessiyası keçirilib.

ABŞ-ın Prinston (Princeton) Universitetində Beynəlxalq hüquq eksperti və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə keçmiş məruzəçisi, professor, politoloq Riçard Falk konfransda İsrailin Qəzzadakı hərəkətlərini sərt şəkildə tənqid edib və beynəlxalq hüququn Qəzza böhranını effektiv şəkildə həll edə bilmədiyini vurğulayaraq deyib: “Beynəlxalq hüququn rolunu artırmaq, mövcud çatışmazlıqları aradan qaldırmaq üçün daha güclü tətbiq mexanizmlərinə ehtiyac var. Soyqırım davam edir. Qəzzaya birbaşa bağlı olan bölgədə daha geniş dağıdıcı müharibə təhlükəsi artan narahatlıq mənbəyinə çevrilib. Beynəlxalq qərarlara İsrailin açıq-aşkar məhəl qoymaması qlobal birliyin qanunları tətbiq etməkdə acizliyilə bağlıdır. İsrail soyqırımı dayandıracaq, Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsün işğalına son qoyacaq mötəbər qərarlara açıq şəkildə məhəl qoymur. Beynəlxalq reaksiyalardakı ikili standartı qınayıram. Çatışmazlıqlarına baxmayaraq, həmrəylik hərəkatlarının qanuniləşdirilməsi və gələcək nəsillərin ədalət və insan haqları mövzusunda maarifləndirilməsi baxımından beynəlxalq hüquq mühüm rol oynayır”.

BMT-nin Ev hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal isə öz çıxışında Qəzza və digər münaqişə zonalarında sistematik olaraq evlərin sökülməsinin təsirlərindən danışaraq deyib: “Beynəlxalq ictimaiyyət bu cür əməlləri beynəlxalq hüquq çərçivəsində ayrıca cinayət kimi tanımalı və problemin həlli üçün konkret addımlar atmalıdır. Evlərin sökülməsi Qəzzada olduğu kimi, insanlığa qarşı cinayət və soyqırım aktıdır. Qəzzanın yenidən qurulması prosesi hazırkı şərtlərə baxanda onilliklər çəkə biləcək”.