SOSİUM

28 İyul

Əhali gəlirlərini əsasən nəyə xərcləyir?

Cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 1003,3 manat təşkil etmişdir. Bu dövr ərzində əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri-neft-qaz sektorunda isə 948,7 manat olmuşdur. Həmin dövrdə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945,2 manata, özəl müəssisələrdə isə 1066,1 manata çatmışdır. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Fins.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 39 milyard 881,2 milyon manat olmuş və hər nəfərə orta hesabla 3913,5 manat düşmüşdür.

Əməkhaqqının və gəlirlərin artması vətəndaşlara əldə etdikləri vəsaitin bir qismini bankda əmanət kimi saxlamağa imkan verir. Əldə edilən gəlirlərin banklarda əmanət kimi saxlanılması, həmçinin hər bir adama əlavə gəlir əldə etmək imkanı verir. Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq cari ilin iyun ayının 1-nə milli valyuta ekvivalentində 13 milyard 678,7 milyon manat təşkil etmişdir. Həmin dövrdə əmanətlərin 65,3 faizi milli, 34,7 faizi xarici valyutada qoyulmuş, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,2 faiz artmışdır.

Bu ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 445,7 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 13,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları almışdır.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55,2 faizi ərzaq məhsulları,  içkilər və tütün məmulatlarının, 12,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.