“Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib.
Fins.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, görülmüş işlərin nəticəsi olaraq Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - //rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqlarının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.
Qeyd edilib ki, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən “Youtube” platformasından silinib.
Fuad Mədətov
Fins.az