SOSİUM

24 İyul

2024-cü ilin ilk 6 ayında 20 Azərbaycan filmi kinoteatrda nümayiş olunub - CƏDVƏL

Ölkə ərazisində fəaliyyət göstərən kinoteatrlar yerli film istehsalının həcmini müəyyən etmək üçün vacib göstəricilərdərn biridir. Hazırda Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyətdədir: Cinemastercard və Park Cinema. Bunlardan başqa Mədəniyyət Nazirliyinin tabeliyindəki Nizami Kino Mərkəzi də yeni filmlərin nümayişi üzrə xidmət göstərir.

Hər həftə bu kinoteatrlarda yeni filmlər nümayişə çıxarılır. Bu filmlərdən daha çox tamaşaçı baxışı toplayanlar növbəti həftələrdə də baxış sayını artırmaqla kinoteatr həyatını davam etdirirlər. Tamaşaçı sayı az olan filmlər is təbii rəqabətə tab gətirməyərək daha erkən nümayişdən çəkilir.

Fins.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında ölkə kinoteatlarında ümumilikdə 20 yerli film nümayiş olunub. Bu filmlərin böyük əksəriyyəti komediya janrında olsa da, xüsusilə qorxu, idman, melodram və triller janrında olan filmlərin artması da görülməkdədir. Bu dövrdə ən uzun müddət nümayişdə olan film “Hozu dayə”dir. Filmin nümayişi 2023-cü il noyabr ayının 1-dən başlasa da, hələ də kinoteatrlarda göstərilir.

Qeyd edək ki, 2023-cü ilin ümumi statistikasına müraciət etsək müqayisəli mənzərə göz önündə canlanar. Belə ki, keçən il Cinema Plus (Cinemastercard) kinoteatrlar şəbəkəsində 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır.

Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub ki, bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır.

Cari ilin ilk 6 ayında 20 yerli film göstəricisi ilin sonuna qədər keçən ilə nisbətən Azərbaycan filminin nisbətinin artacağından xəbər verir. Tamaşaçılara müxtəlif janrlarda maraqlı Azərbaycan filmləri, filmlərə isə bol kassa uğuru arzu edirik.